Macarıstan Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver Azərbaycana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Laszlo Köveri Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
Macarıstan Milli Assambleyasının sədri jurnalistlərə müsahibəsində bildirib ki, bu səfər Azərbaycan parlamentinin dəvəti ilə baş tutub. Azərbaycan-Macarıstan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən Laszlo Köver parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Səfər çərçivəsində bir sıra önəmli görüşlərin keçiriləcəyini qeyd edən qonaq deyib: “Düşünürəm ki, birinci Avropa Oyunlarını izləmək və idmançılarımıza azarkeşlik etmək imkanım da olacaq. Azərbaycanı Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməsi münasibətilə təbrik edirəm”.