Macarıstanın Azərbaycandakı səfiri DOST Agentliyində olub
Bakı, 14 dekabr, AZƏRTAC
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Jojef Torman və ticarət üzrə səfir Ruslana Dunaş Varqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST Agentliyi) olublar.
Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun fəaliyyəti barədə məlumat verib, DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığını bildirib.
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, əcnəbi qonaqlar DOST Mərkəzinin fəaliyyəti, xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi, vahid əlaqələndirmə mərkəzi ilə tanış olublar.
Qeyd edilib ki, 2019-cu ilin may ayından indiyədək 5 DOST mərkəzi açılıb. "Bu müddət ərzində DOST mərkəzlərinə ümumilikdə 1,2 milyon şəxs müraciət edib. Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98,2 faizdir. Mərkəzlərdə sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə 153 xidmət "bir pəncərə"dən təqdim olunur", - deyə Fərid Məmmədov əlavə edib.
O, bu il martın 21-22-də Macarıstana səfəri barədə məlumat verərək bildirib ki, Macarıstanın İnnovasiyalar Nazirliyi, eləcə də İnsan Resursları Nazirliyindəki görüşləri, sosial sahədə fəaliyyət göstərən müəssisələrə səfəri zamanı DOST Agentliyi ilə Macarıstanın müvafiq qurumları arasında təcrübə mübadiləsi müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İnnovativ DOST təcrübəsi onlarda daha böyük marağa səbəb olub.