Macarıstanın turizm təmsilçiləri Azərbaycana gələcəklər
Bakı, 1 sentyabr (AZƏRTAC). Oktyabrın 1-dən 6-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “ATA Travel” turizm şirkətinin təşkilatçılığı ilə Macarıstan Turizm İdarəsinin və turizm şirkətlərinin nümayəndələri, eləcə də media mənsublarından ibarət heyət Bakıda olacaqdır.
“ATA Travel” MMC-nin baş direktoru Vüsal Əliyev AZƏRTAC-a bildirmişdir ki, macar turistlərinin Azərbaycanın turizm potensialı ilə tanış olması çox əhəmiyyətlidir. Səfər müddətində qonaqların müxtəlif tarixi məkanlar, Qəbələ və Naftalan, eləcə də muzey və digər mədəniyyət obyektləri ilə yaxından tanışlığı nəzərdə tutulmuşdur.
Son vaxtlar Azərbaycan vətəndaşlarının da Macarıstana turist səfərlərinə maraq göstərməsindən danışan Vüsal Əliyev bildirmişdir ki, “ATA Travel” cari ildən bu ölkəni yeni bir istiqamət kimi seçmişdir. Yay mövsümünün əvvəlində Budapeşt-Bakı-Budapeşt birbaşa hava reysi açılmışdır. Bu istiqamətə aviabiletlərin qiyməti də olduqca münasibdir. Birbaşa hava reysləri “ATA Travel” şirkətinin də müvafiq istiqamətdə fəaliyyətinə stimul vermişdir. Təsadüfi deyildir ki, iyunun 29-dan iyulun 5-dək Macarıstana tanışlıq turu təşkil edilmişdir. Tur iştirakçıları Macarıstanın bir sıra yerlərini, o cümlədən paytaxt Budapeşti, Peç şəhərini gəzmiş, müalicəvi suyu ilə məşhur Heviz gölünün, Avropanın ən iri qapalı su hövzəsi sayılan Balaton gölünün sahillərində olmuşlar. Tanışlıq turunun iştirakçıları Budapeştdən avtobusla birgünlük qonşu Avstriyaya - Vyana şəhərinə də getmişlər.
“ATA Travel” MMC-nin baş direktoru diqqətə çatdırmışdır ki, Macarıstana turlar 3, 6 və 10 günlük təşkil edilir. Üç günlük turlar adətən həftənin sonuna - şənbə, bazar və bazar ertəsi günlərinə təsadüf edir. Bu turlarda iki nəfər üçün qiymət 450-500 manatdır. Bu qiymət paketinə aviabilet, transfer, oteldə qalmaq, səhər yeməyi daxildir.
Şirkət rəhbəri qeyd etmişdir ki, Macarıstanın əsrarəngiz təbii gözəlliyi qədim tarixi və zəngin mədəniyyəti vardır. Həmçinin ölkənin bazarlarındakı ucuzluq da turistləri cəlb edir. Bu ilin iyun ayından indiyədək “ATA Travel” MMC vasitəsilə Macarıstana təxminən 300 nəfər səfər etmişdir.