MACARLAR AZƏRBAYCANIN NEFT STRATEGİYASI İLƏ TANIŞ OLURLAR
Tədbirdə ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənov “Azərbaycanın neft strategiyası” mövzusunda məruzə etmişdir. O, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan neft siyasətinin gerçəkləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi böyük uğurlardan söhbət açmışdır. Səfir vurğulamışdır ki, Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan rəhbərliyi hazırda neft strategiyasını müvəffəqiyyətlə davam etdirir, ölkəmizin neft bölməsinin inkişafına, qanunverici bazasının təkmilləşdirilməsinə, xarici sərmayələrin bundan sonra da respublikamıza cəlb olunmasına xüsusi diqqət yetirir. O, konfrans iştirakçılarına energetika sahəsində əsas beynəlxalq layihələr haqqında məlumat verərək, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarını Avropaya nəql edəcək Bakı–Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əhəmiyyətini vurğulamışdır.
Məruzəçi neft və qaz kəmərlərinin təhlükəsizliyi məsələləri üzərində ətraflı dayanaraq bildirmişdir ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizi indiyədək işğal altındadır, 1 milyon insan evsiz-eşiksizdir. Ona görə də neft marşrutlarının təhlükəsizliyinin təminatı məsələsi Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. H.Həsənov diqqətə çatdırmışdır ki, Avropanın enerji bazarına Azərbaycanın birbaşa çıxışı bütün ölkələr üçün sərfəlidir.
Konfransda çıxış edənlər xüsusi vurğulamışlar ki, Macarıstan üçün enerji mənbələrinin çoxşaxəliliyi vacibdir və Azərbaycan bu məsələdə xüsusi rol oynaya bilər.
Səfirlik Azərbaycanın neft strategiyası haqqında məxsusi məlumat hazırlayaraq konfrans iştirakçılarına paylamış, habelə Macarıstanın dövlət və ictimai qurumlarına göndərmişdir.