Maestro Niyazinin gənc yaşlarında ağırlıqqaldırma ilə məşğul olduğunu bilirdinizmi?
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycanın məşhur dirijoru və bəstəkarı Maestro Niyazinin gənc yaşlarında ağırlıqqaldırma ilə məşğul olduğunu çoxları bilmir.
AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasının facebook səhifəsinə istinadla xəbər verir ki, Maestro Niyazi “Dinamo” cəmiyyətinin bu idman növü üzrə yarışlarında birinciliklər qazanıb. 16-18 yaşlarında yüngül çəki dərəcələrində Bakı və Azərbaycan çempionatlarında iştirak edib, yüksək nailiyyətlərə imza atıb. Sonradan konservatoriyaya daxil olan və əsasən musiqi ilə məşğul olan incəsənət xadimi idmandan da ayrılmayıb.
Niyazi II Dünya müharibəsindən sonra 1948-1955-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika bölməsinin sədri vəzifəsində çalışıb.
Ona, həmçinin Azərbaycan SSR Səhiyyə Nazirliyinin bədən tərbiyəsi və idman idarəsi tərəfindən ağır atletika idman növü üzrə Respublika dərəcəli hakim adı da verilib.
Uzun müddət bu postu tutan Maestro bir çox idmançının yetişməsinə, onların İttifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib.
Şəkillərdən biri 1929-cü ildə ağır atletika idmanı üzrə Ümumi Bakı ictimai yarışında 2-ci yeri tutduğuna görə Bakı Bədən Tərbiyəsi Şurası tərəfindən Maestroya verilən diplomdur.