SİYASƏT
Marneulidə konfrans: “Heydər Əliyev - Gürcüstan azərbaycanlıları”
![](/files/galleryphoto/2023/2/1200x630/16840903722384332052_1200x630.png)
![](/files/galleryphoto/2023/2/1200x630/16840903725469464684_1200x630.png)
![](/files/galleryphoto/2023/2/1200x630/16840903721132418679_1200x630.png)
Tbilisi, 14 may, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı “Azərbaycan Evi”ndə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - Gürcüstan azərbaycanlıları” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Evi”nin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə reallaşan tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Diaspor Komitəsinin və ADDF-nin nümayəndələri, gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Sonra “Azərbaycan Evi”nin baş direktoru Məhəbbət İmanov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bu ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb və bununla əlaqədar dünyanın hər yerində olduğu kimi, Gürcüstanda da silsilə tədbirlər keçirildiyini bildirib.
Sonra Ümummilli Lider Heydər Əliyevin daxili və xarici siyasətindən, həmçinin dünya azərbaycanlıları ilə görüşlərindən bəhs edən sənədli film nümayiş olunub.
ADDF-nin icraçı direktorunun müavini Şahin Camalov, səfirliyin müşaviri Eldar Bayramov, TİKA-nın Gürcüstan üzrə əlaqələndiricisi Tuba Özütok, Marneuli Bələdiyyəsinin sədr müavini Rövşən İsgəndərov, SOCAR-ın Gürcüstan təmsilçiliyinin əməkdaşı Mirzə Süleymanov, sabiq qubernator Levan Mamaladze və başqaları çıxış edərək fenomen şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin Azərbaycan və Gürcüstan dövlətləri qarşısındakı xidmətlərindən danışıblar.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğı göstərib. Ulu Öndərin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Qeyd edilib ki, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin də müəllifi məhz dünyaşöhrətli siyasi xadim, fenomen şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirə gələn qonaqlara Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Alyans Gənclər Mərkəzi”nin layihəsi əsasında Gürcüstan dövlət dilində nəşr olunmuş “Heydər Əliyev - 100” kitabı təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi