COP29
Marta Bekele: Afrika ölkələri iqlim dəyişikliklərinin fəsadlarından ən çox əziyyət çəkənlər sırasındadır VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
Bir çox dövlətlər tarix boyu ətraf mühiti çirkləndirməyə görə daha çox məsuliyyət daşıyıblar. Bu gün Afrika ölkələri iqlim dəyişikliklərinin fəsadlarından ən çox əziyyət çəkənlər sırasındadır.
Bu fikirləri COP29-un iştirakçısı, “İnkişaf təşəbbüsləri” (Development Initiatives) təşkilatının icra, keyfiyyət və təşviqat üzrə rəhbəri Marta Bekele AZƏRTAC-a müsahibəsində deyib.
“Tarix boyu ətraf mühiti çirkləndirən dövlətlərdən xeyriyyəçilik etməyi deyil, tarixi məsuliyyətlərini dərk etmələrini istəyirik. Biz onların məsuliyyətdən yayındıqlarını görürük və gələcəyimizə görə çox narahatıq. COP29 Prezidentinin söylədiyi kimi, ambisiyaları artırmağa ehtiyacımız var. Afrika dövlətləri olaraq bizim kreditlərə deyil, qrantlara ehtiyacımız var. Güzəştli olub-olmamasından asılı olmayaraq, bu kreditlər Afrika dövlətlərinə ağır bir yükdür. Şimaldan istədiyimiz isə kreditlər deyil, qrantlar şəklində ola biləcək dövlət maliyyəsidir”, -deyə M. Bekele vurğulayıb və böyük dövlətləri məsuliyyətlərini qəbul etməyə çağırıb.