Masallı şəhəri 2012-ci il üçün Azərbaycanın folklor paytaxtıdır
Masallı, 14 aprel (AZƏRTAC). Mədəniyyət və turizm nazirinin müvafiq əmrinə əsasən, Masallı şəhəri 2012-ci ildə “Azərbaycanın Folklor Paytaxtı” elan edilmişdir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Masallıda təşkilat komitəsi yaradılmış və tədbirlər planı hazırlanmışdır.
Aprelin 14-də Masallı şəhərində yeni istifadəyə verilmiş “Gənclər Mərkəzi”ndə “Masallı Azərbaycanın Folklor Paytaxtıdır” mövzusunda tədbir keçirilmişdir.
Toplantıda Milli Məclisin deputatları, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri, foklorşünas alimlər, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları və ictimaiyyətin nümayəndələri, Bakıda yaşayan Masallı ziyalıları, incəsənət ustaları iştirak etmişlər.
Rayon icra hakimiyyəti başçısının müavini, təşkilat komitəsinin sədri Nəsir Muxtarlı, Milli Məclisin deputatları Elmira Axundova, Sabir Rüstəmxanlı, Nəriman Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Xalq Artisti İlham Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov tədbir iştirakçılarını və bütün masallılıları bu əlamətdar hadisə münasibətilə təbrik etmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev “Folklor Paytaxtı”nın kubokunu və loqosunu təşkilat komitəsinin sədri Nəsir Muxtarlıya təqdim etmişdir.
Tədbirin sonunda “Halay” folklor kollektivi rəngarəng rəqs nömrələri ilə çıxış etmiş, ölkəmizin folkloruna və mədəniyyətinə həsr edilmiş film nümayiş olunmuşdur.