Masallıda “Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda konfrans keçiriləcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Masallıda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI Regional konfransı keçiriləcək. Konfrans Akademik Zərifə Əliyevanın 100 illiyinə və Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 15 illiyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, konfransda oftalmologiya sahəsindəki aktual məsələlər müzakirə ediləcək. Konfransın keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, araşdırmaq, təkliflər vermək, bu sahədə baş verən ən son yeniliklərdə region həkimlərini tanış etməkdir. Tədbirdə region və mərkəzin həkim heyəti öz təqdimatları ilə çıxış edəcəklər. “Katarakta cərrahiyyəsində fəsadlı hallar”, “Vaxtından əvvəl doğulmuşlarda katarakta və qlaukoma”, “Atipik retrobulbar iltihablara dair (klinik hal)”, "Kataraktanın ekstraksiyası əməliyyatından sonra qalıq refraksiyasının Eksimer lazer korreksiyası", “Uşaq və yeniyetmələrdə refraksiya qüsurları zamanı optikoreflektor məşqlərin effektivliyi”, “Şəki-Zaqatala bölgəsində diabetik retinopatiyanın müalicəsinə dair”, “Quru göz sindromunun müalicəsinə müasir yanaşmalar” və digər mövzular müzakirə olunacaq.