Masallıda Beynəlxalq Folklor Festivalı başlamışdır
Masallı, 7 sentyabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən, Masallının 2012-ci ildə Azərbaycanın folklor paytaxtı elan olunması ilə bağlı rayonda silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də Masallı şəhərində belə tədbirlərdən biri - Beynəlxalq Folklor Festivalı başlamışdır.
Mədəniyyət və Turizm Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, İran və Latviyadan gəlmiş 20-yə yaxın folklor kollektivi iştirak edir.
Festivalın birinci günündə Masallı şəhərindəki Heydər Əliyev parkının qarşısındakı meydanda folklor bayramının açılış mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Meydanda folklor kollektivlərinin paradı və nümunəvi çıxışları olmuşdur.
Tədbir Masallı şəhərindəki Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında davam etmişdir. Açıq meydanda təşkil edilmiş sərgidə qonaqlar yerli rəssamların əsərləri, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənəti nümunələri, qədim dulusçuluq məişət əşyaları, milli mətbəxin nümunələri ilə yaxından tanış olmuşlar.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin deputatları Elmira Axundova, Nəriman Əliyev, Rusiya, Türkiyə, Yaponiya, Qazaxıstan və Latviyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak etmişlər.
Axşam saatlarında Masallı şəhərindəki Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında Beynəlxalq Folklor Festivalı iştirakçılarının konserti olmuşdur.
Beynəlxalq Folklor Festivalının iştirakçıları sentyabrın 8-də rayonun Boradigah qəsəbəsində və Şərəfə kəndində konsert proqramı ilə çıxış edəcəklər.
Sentyabrın 9-da başa çatacaq festivalın yekun konsertində iştirakçılara diplomlar və xatirə hədiyyələri təqdim olunacaqdır.