Masallıda kənd təsərrüfatı məhsullarının istehsalı 28 faiz artmışdır
Masallı, 24 fevral (AZƏRTAC). Masallı Rayon İcra Hakimiyyətində 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda ötən il rayon üzrə məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcminin 12,2 faiz artaraq 254 milyon manat, adambaşına düşən pul gəlirlərinin 2 min 67 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqının 260 manat olduğu diqqətə çatdırılmışdır.
Hesabat ilində rayonda 428,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Bu, əvvəlki ilə nisbətən 6,7 faiz çoxdur.
Kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki il ilə müqayisədə 28 faiz, o cümlədən, heyvandarlıq məhsullarının istehsalı 17 faiz, bitkiçilik məhsullarının istehsalı 38 faiz artmışdır.
Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Masallı rayonu üçün müəyyən olunmuş 16 tədbirdən 14-ü icra edilmiş, 2 tədbirin icrası istiqamətində işlər isə davam etdirilir.
Dövlət Proqramına müvafiq olaraq rayon mərkəzinə və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar Musaküçə, Gəyəçöl, Həsənli, Təkdam, Məmmədxanlı, Köçəkli, Xırmandalı, Ərəb, Hacıtəpə, Lürən və Pircana kəndlərində qaz xətləri çəkilmiş, 3 min 986 abonent təbii qazla təmin edilmişdir.
Hazırda Eminli, Qarğalıq, Kürdəbaz kəndlərinə yeni qaz xəttinin çəkilməsi, Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması işləri davam etdirilir. Bu ilin sonuna qədər daha 28 yaşayış məntəqəsinin təbii qazla təmin olunması nəzərdə tutulmuşdur.
2012-ci ildə rayonda 7 yeni məktəb binası tikilmişdir.
Toplantıda çıxış edənlər 2012-ci ildə Masallı rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildirmişlər.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
Toplantıda Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Milli Məclisin deputatları Elmira Axundova, Fəzail İbrahimli və Nəriman Əliyev iştirak etmişlər.