Masallıda məktəblilər üçün “Bəbirləri qoruyaq!” yay düşərgəsi başa çatmışdır
Masallı, 11 iyul (AZƏRTAC). İyulun 11-də Masallı rayonundakı “Viləş” otelində Dünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz bəbirlərinin (Panthera pardus) mühafizəsi” layihəsi çərçivəsində təşkil edilmiş “Bəbirləri qoruyaq!” üçgünlük yay düşərgəsi başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, Astara, Lənkəran və Lerik rayonlarından olan 30-dan çox məktəblinin iştirak etdiyi yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirlərinin məskunlaşdıqları yerlərin yaxınlığında yaşayan məktəbliləri bu nadir heyvan növü haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etməkdir.
Düşərgənin sonuncu günündə məktəblilər müxtəlif ekoloji oyunlarda və yekun müzakirələrdə iştirak etmişlər.
Müzakirələr zamanı iştirakçılar üç gün ərzində bəbirlər, onların həyat tərzi, qidası, çoxalması, davranışları haqqında geniş məlumat aldıqlarını nümayiş etdirmişlər.
Yay düşərgəsinin başa çatması münasibətilə keçirilən mərasimdə çıxış edən Dünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin əməkdaşı Sevinc Saruxanova məktəblilərə fəal iştiraklarına görə təşəkkür etmiş və düşərgəni uğurla başa vurmaları münasibətilə onları təbrik etmişdir.
S.Saruxanova yay düşərgəsinin gənc nəslin ekoloji maariflənməsində, onların təbiətimiz, flora və fauna ilə daha yaxından tanış olmalarında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Mərasimin sonunda iştirakçılara şəhadətnamələr və xüsusi hədiyyələr təqdim edilmişdir.