Massaçusetts Universitetində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Massaçusetts ştatının Lovel şəhərindəki Massaçusetts Universitetində bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Azərbaycan Tələbələri Assosiasiyasının təşkilatçılığı ilə Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mərasim zamanı bu universitetdə təhsil alan azərbaycanlı tələbələr -Orxan Əhmədli və Kamran Cavadlı tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı faciəsi barədə təqdimat keçirilmiş, ermənilərin dinc əhaliyə qarşı amansız rəftarını əks etdirən şəkillərdən ibarət fotosərgi nümayiş etdirilmişdir. Həmçinin insanlıq əleyhinə cinayət kimi qiymətləndirilən Xocalı faciəsinə dair dövrü mətbuatda dərc edilmiş məqalələr diqqətə çatdırılmışdır. Mərasim iştirakçıları Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilməsi istiqamətində görülən işlər barədə də məlumatlandırılmışlar.
Sonda iştirakçılar bu səpkidə dünyada baş vermiş digər qırğınlar haqqında öz fikirlərini bölüşərək onların Xocalı hadisələri ilə oxşarlığını qeyd etmiş və bu faciənin soyqırımı kimi tanınmasının vacibliyini vurğulamışlar.
Bundan əlavə, Xocalı hadisələrinin soyqırımı kimi tanınması üçün imzatoplama kampaniyası keçirilmiş və iştirakçılar “Xocalıya ədalət” şüarının dünyanın 16 dilində yazılmış plakatları ilə Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirmişlər.