MAYNSDA AZƏRBAYCAN MUSİQİ KOLLEKTİVLƏRİNİN KONSERTİ YÜKSƏK SƏVİYYƏDƏ KEÇMİŞDİR
Konsertdən əvvəl çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizin qədim və zəngin mədəni irsindən, xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi töhfələrdən danışmış, Almaniyada elm və mədəniyyəti ongünlüyünün keçirilməsinin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluğu və əməkdaşlığına böyük təkan verəcəyinə əmin olduğunu bildirmişdir.
Ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycanla Raynland-Pfalts federal əyaləti arasındakı əməkdaşlıqdan, Bakı və Maynsın, Sumqayıt və Lüdviqshafenin uzun illərdən bəri qardaşlaşmış şəhərlər kimi sıx əməkdaşlıq əlaqələrindən danışmış, ongünlüklə bağlı tədbirlərin mədəniyyət sahəsində iki xalq arasında dostluq körpülərinin qurulmasına və Almaniya ictimaiyyətinin Azərbaycanı, onun xalqını və mədəniyyətini daha yaxından tanımasına kömək edəcəyini vurğulamış, Raynland-Pfalts əyalətini Azərbaycanda mədəniyyət günləri keçirməyə dəvət etmişdir.
Sonra incəsənət ustalarımız Azərbaycan musiqi mədəniyyətinin bütün janrlarının təmsil olunduğu geniş konsert proqramı təqdim etmişdir. Konsertdə xalq artisti Teymur Göyçayevin idarəsi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, vokalçılar Dinarə Əliyeva, Əvəz Abdullayev və Fidan Hacıyevanın, muğam və xalq mahnıları ifaçıları Bəyimxanım Mirzəyeva və Teyyub Aslanovun, Dövlət Rəqs Ansamblı üzvlərinin çıxışları sürəkli alqışlarla qarşılanmışdır.
Raynland-Pfalts federal əyalət hökumətinin və Mayns bələdiyyəsinin rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, əyalətdə yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri konsertdə olmuşlar.