MDB ÇƏRÇİVƏSİNDƏ İNTEQRASİYA ZƏİF GETSƏ DƏ, İRƏLİLƏYİŞ VAR
Federasiya Şurasının MDB işləri üzrə komitəsinin sədri Vadim Qustov fevralın 17-də Moskvada keçirilmiş mətbuat konfransında Birlik çərçivəsində inteqrasiya prosesinin sürətindən narazı olduğunu bildirmişdir. Onun fikrincə, Müstəqil Dövlətlər Birliyinin mövcud olduğu 10 il ərzində inteqrasiya yox, dezinteqrasiya baş vermişdir. O demişdir ki, “MDB sistemi çərçivəsində əmtəə məhsulunun cəmi 25 faizi daxili mübadiləyə buraxılır”. V.Qustov bu sahədə yüksək göstəriciyə malik Avropa Birliyini real inteqrasiyaya misal gətirmişdir.
Rusiya deputatı MDB-də təhlükəsizlik məsələlərinə toxunaraq vurğulamışdır ki, Birliyin təhlükəsizliyinə bir çox amillər, o cümlədən qeyri-qanuni mühacirət və Əfqanıstandan narkotik qaçaqmalçılığı qorxu törədir. Onun sözlərinə görə, bu gün Rusiyada 3,8 milyondan 5 milyonadək heç bir qanuni hüququ olmayan adam yaşayır.
MDB-nin Beynəlxalq Statiktika Komitəsindən isə AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən ilin nəticələrinə görə Birlik ölkələrində ÜDM orta hesabla 4 faiz artmışdır. MDB-də 2002-ci ildə sənaye məhsulu istehsalı orta hesabla 4 faiz, kənd təsərrüfatı məhsulu 2 faiz, əsas kapitala sərmayələr 6 faiz, pərakəndə mal dövriyyəsi 10 faiz, xarici ticarət dövriyyəsi (yanvar-noyabr aylarının yekununa görə) 5 faiz, yük daşınmalarının həcmi 4 faiz artmışdır.
Birliyin statistika komitəsində həmçinin bildirmişlər ki, ötən iki ildə olduğu kimi, 2002-ci ildə də Azərbaycanda, Qazaxıstanda, Tacikistanda və Ermənistanda ÜDM dinamik artmışdır (9-13 faiz).
Statistiklər hesab edirlər ki, inflyasiyanın orta sürəti, milli valyutaların ABŞ dolları ilə müqayisədə sabit məzənnəsi, ölkələrin qızıl-valyuta ehtiyatının artması və dövlət büdcəsinin kiçik kəsirlə yerinə yetirilməsi göstərir ki, MDB ölkələrinin çoxunun maliyyə vəziyyəti nisbətən sabitdir. Bundan əlavə, bir çox ölkələrdə əhalinin mal və xidmətlərdən istifadə etməsinin həcmi 2001-ci illə müqayisədə artsa da, 1991-ci ildəki səviyyədən hələ də aşağıdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva