SİYASƏT
MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçiriləcək
Moskva, 27 may, AZƏRTAC
Mayın 29-da Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçiriləcək.
AZƏRTAC Rusiya Federasiyası hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hökumət rəhbərlərinin əsas diqqəti MDB çərçivəsində iqtisadi sahədə qarşılıqlı fəaliyyətin aktual məsələlərinə, həmçinin yeni koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə birgə səylərə yönəldəcəyi ehtimal olunur.
MDB ölkələrinin ticari-iqtisadi əməkdaşlığının baza prinsiplərini və əsas oriyentirlərini müəyyən edən 2030-cu ilədək Birliyin iqtisadi inkişaf Strategiyası layihəsinin nəzərdən keçirilməsi iclasın gündəliyində duran əsas məsələdir.
Şuranın yekunlarına görə, nəqliyyat, energetika, təhsil, mədəniyyət, gənclər siyasəti, bədən tərbiyəsi və idman sahəsində qarşılıqlı fəaliyyətin inkişafı barədə birgə sənədlərin qəbulu nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva