MDB-NİN ÜZVÜ OLAN ÖLKƏLƏRİN BEYNƏLXALQ BİRJALAR ASSOSİASİYASININ ÜMUMİ YIĞINCAĞI
Brüggedə (Belçika) MDB-nin üzvü olan ölkələrin Beynəlxalq Birjalar Assosiasiyasının (MDB BBA) növbəti ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda Birliyin 9 dövlətindən 20 aparıcı valyuta və fond birjasının rəhbərləri iştirak etmişlər.
Yığıncaq iştirakçıları maliyyə bazarlarının inteqrasiyası üzrə tədbirlər proqramının həyata keçirilməsi gedişini müzakirə etmişlər. Bundan əsas məqsəd MDB ölkələri valyuta və maliyyə bazarlarının fəaliyyətinin ümumi mexanizmlərini yaratmaqdır. Qazaxıstan Fond Birjası Qazaxıstanın və Rusiyanın valyuta bazarlarının inteqrasiyasının pilot layihəsini həyata keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Əgər layihə uğur qazanarsa, bu təcrübədən MDB-nin digər ölkələrində də istifadə edilə bilər.
MDB BBA-nın yığıncağında Assosiasiya Şurasının yeni tərkibi də seçilmişdir. Moskva Banklararası Valyuta Birjasının baş direktoru Aleksandr Zaxarov yenidən Şuranın sədri seçilmişdir. Bakı Banklararası Valyuta Birjasının müdiri Fərhad Əmirbəyov MDB BBA Şurasının üzvlərindən biri seçilmişdir.
Sentyabrın 27-29-da Brüggedə “Avropa Birliyinin təcrübəsi və MDB ölkələri valyuta-maliyyə bazarlarının inteqrasiyası perspektivləri” mövzusunda beynəlxalq konfrans da keçirilmişdir. MDB BBA və Rusiya Ticarət-Sənaye Palatası tərəfindən təşkil edilmiş konfransda aparıcı xarici bankların, Nyu-York və Brüssel fond birjalarının, habelə beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri də iştirak edirdilər. Konfransda MDB ölkələrində kapitalların inteqrasiya olunmuş bazarının formalaşması perspektivləri və valyuta-maliyyə inteqrasiyası sahəsində AB-nin təcrübəsindən istifadə olunması məsələləri müzakirə edilmişdir.