ELM VƏ TƏHSİL
MDU-da elektron universitet modelinin yaradılması ilə bağlı növbəti razılaşma əldə edilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) mdu.digitaledu.az saytı üzərindən qurulan “DigitalEdu” elektron universitet platforması ilə bağlı “TIM Consulting” şirkəti ilə növbəti əməkdaşlıq müqaviləsi imzalanıb.
MDU-dan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov “TIM Consulting” şirkətinin rəhbəri Teymur Hacıyev ilə görüşüb. Görüşdə Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev də iştirak edib.
Görüş zamanı MDU-da elektron universitet modelinin qurulması, onun istifadəsi və üstünlükləri ilə bağlı müzakirələr aparılıb. Ü.Zeynalov “DigitalEdu” platformasının müasirləşən MDU-nun inkişafında müstəsna rol oynayacağına və “TIM Consulting” ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
T.Hacıyev region universitetinin rəqəmsallaşma yolundakı irəliləyişini yüksək qiymətləndirib.
Sonda elektron universitet modelinin qurulması ilə bağlı prosesin növbəti mərhələsinə keçid üçün yeni müqavilə imzalanıb.
Qeyd edək ki, MDU ilə “TIM Consulting” arasında “DigitalEdu” elektron universitet platformasının qurulması ilə bağlı ilk əməkdaşlıq müqaviləsi 2022-ci il dekabrın 1-də imzalanıb. Bu müqaviləyə əsasən, 2023-2024-cü tədris ilindən etibarən MDU-da elektron universitet modeli tətbiq edilməkdədir.