Mədəniyyət xadimləri ilə görüş dövlət başçısının yaradıcı insanlara qayğısının daha bir sübutudur
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü çox səmimi keçdi. Görüş dövlət başçısının Azərbaycan mədəniyyətinə, yaradıcı insanlarına olan qayğısını bir daha sübut etdi. Prezident hər kəsi ayrı-ayrılıqda dinlədi. Verilən təkliflərin həll olunması üçün göstərişlər verdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov söyləyib.
“Baxmayaraq ki, son illərdə dünya iqtisadiyyatında baş verən hadisələr Azərbaycandan da yan keçmədi, ancaq Prezidentin uğurlu siyasəti nəticəsində biz bunun da öhdəsindən gəldik. Bütün sahələrdə olduğu kimi, mədəniyyət, incəsənət sahəsində də durğunluğa yol verilmədi. Bu sahələr öz inkişaf dinamikasını qorudu”, - deyə akademik bildirib.
N.Cəfərov vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə ölkəmizdə son illərdə ciddi tədbirlər görülür. Məhz bu tədbirlər dövlətimizin başçısının imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamların, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanın icrasına uyğun olaraq həyata keçirilir. Bundan başqa, Dövlət Dil Komissiyasının tərkibinin yenilənməsi və dil sahəsində kifayət qədər böyük təcrübəsi olan mütəxəssislərin bu komissiyaya daxil edilməsi, eləcə də Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs yaradılması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin sübutudur. Bütün bunlar dilimizin saflığı və qorunması ilə bağlı atılan uğurlu addımlardır.