Media: ABŞ-ın İranın nüvə obyektlərinə dəyən ziyanla bağlı dəqiq məlumatı yoxdur
Bakı, 25 iyun, AZƏRTAC
Vaşinqton İsrail və ABŞ-ın hücumları nəticəsində İranın nüvə obyektlərinə dəyən zərərin real miqyası barədə məlumatlara malik deyil.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində İranın nüvə proqramına dəyən zərərin miqyasını qiymətləndirmək çətindir. “Fordo”, “Natanz” və İsfahandakı nüvə obyektinin vəziyyətini təkcə ABŞ-ın Kəşfiyyat İdarəsi qiymətləndirməyəcək.
Digər mənbə isə qeyd edib ki, İranın nüvə proqramını bərpa etmək imkanı var. Bu, enerji və su təchizatı obyektlərinin tikintisi və təmiri üçün tələb olunan vaxtdan asılı olacaq.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektlərinə zərbələr endirib. İyunun 23-ü axşam saatlarında Tehran Birləşmiş Ştatların Qətərdəki “Əl-Udeyd” aviabazasına bir neçə ballistik raket atıb. Pentaqonun məlumatına görə, aviabazaya ciddi ziyan dəyməyib və itki yoxdur. Daha sonra ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib.