Media nümayəndələri Bakı İdman Sarayında yaradılan şəraitlə tanış olublar
Bakı, 5 may, Nəriman Həsənov, AZƏRTAC
Mayın 5-də media nümayəndələrinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında yarışların keçiriləcəyi Bakı İdman Sarayına tanışlıq turu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müasir tələblərə uyğun yenidən qurulan idman qurğusunda Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün hər cür şərait yaradılıb.
Bakı İdman Sarayının əməliyyatlar meneceri Faiq Hüseynov bildirib ki, 1974-cü ildən ölkə idmançılarının istismarına verilən bu idman arenasında quraşdırılan yeni sistemlər, fövqəladə hallar üçün müəyyən səs siqnalları və göstərişlər sınaqdan keçirilib. Bakı İdman Sarayında mayın 13-14-də karate, 16-18-də taekvando və 20-22-də isə uşu yarışları təşkil olunacaq. Bundan başqa, Oyunlar müddətində burada media nümayəndələri üçün mətbuat mərkəzi və konfrans zalı da fəaliyyət göstərəcək.
Qeyd edilib ki, burada “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsi əməkdaşlarının iş və istirahət otaqları, iclas və toplantı zalları da var. İdman qurğusundakı püşkatma zalı, idarə heyətinin iş, müsahibə, VİP qonaqların gözləmə və yarışları izləmə, beynəlxalq federasiya nümayəndələrinin işçi, eləcə də səs sistemlərinin idarə edilməsi və yarışların əlaqələndirilməsi otaqları da ən müasir səviyyədədir. Binada müasir liftlər quraşdırılıb. Təmirdən əvvəl tamaşaçı oturacaqlarının sayı 1100 idisə, indi bu rəqəm 1736-ya çatdırılıb.
F.Hüseynov onu da qeyd edib ki, fiziki imkanları məhdud olan tamaşaçıların və gələcəkdə paralimpiyaçı idmançıların binanın bütün sahələrindən tam istifadə edə bilmələrinə hərtərəfli imkan yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların yarışları rahat izləmələri üçün isə xüsusi yerlər ayrılıb.