Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr YENİLƏNİB
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan ədəbiyyatındakı ədəbi əlaqələr” mövzusunda elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan ilə Pakistan arasındakı dostluq əlaqələrindən danışıb. O qeyd edib ki, bu tədbir Azərbaycan-Pakistan əlaqələrinə həsr olunmuş dördüncü konfransdır. İlk konfrans pakistanlı qonaq olmadan 2017-ci ildə keçirilib.
Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması haqqında Sərəncam imzaladığını xatırladıb. Bildirib ki, bu konfrans Füzulinin 530 illiyinə həsr olunub. “Məhəmməd Füzuli XVI əsrdə yaşayıb-yaratmış böyük qəzəl ustadıdır. “Leyli və Məcnun” poeması ona dünya şöhrəti qazandırıb. Sultan Baho da Pakistanın Məhəmməd Füzulisidir.
İnstitutumuzda Pakistan Mərkəzi də var, orada Pakistana aid çoxlu kitablar toplanıb. Bu konfrans Pakistan-Azərbaycan elmi-ədəbi əlaqələrinin yeni səhifəsi olacaq”, - deyə AMEA rəhbəri bildirib.
AMEA prezidenti əlavə edib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin davamçısı İmadəddin Nəsimi də əsərlərini üç dildə yazıb. Nəsimi ərəb və farsca əsərlər yazsa da, nə ərəbdir, nə də fars, azərbaycanlıdır.
Tədbirdə pakistanlı alimlərdən Muslim İnstitutunun sədri Sahibzadə Sultan Ahmed Ali “Məhəmməd Füzuli və Sultan Baho yaradıcılığı Azərbaycan-Pakistan ədəbi əlaqələri kontekstində” geniş məruzəsində əlaqələrin tarixindən və bu günündən söz açıb. Lahor Urdu Kollec Universitetinin dosenti Safeer Heyderin “Sultan Bahonun mistik simfoniyasında insan mənliyinin əksi” adlı məruzəsi maraqla qarşılanıb.
Konfransda Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli “Azərbaycan-Pakistan ədəbi əlaqələri keçmişdən bu günə” mövzusunda geniş məruzə edib. Qeyd edib ki, Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələrinin böyük keçmişi var: “Məhz bu keçmişin üzərində dayanaraq biz həm də gələcəyimizi qururuq. Hər iki xalqın gələcəyə baxışları onların ədəbiyyatında, mədəniyyətində dərin iz buraxıb. Pakistanda Azərbaycan klassikləri Nizami Gəncəvi, Nəsimi, Füzuli, Cəlil Məmmədquluzadə və başqalarının yaradıcılığı öyrənildiyi kimi, Azərbaycanda da Pakistanın filosof şairi Əllamə Məhəmməd İqbalın yaradıcılığı öyrənilir və nəşr edilir. Habelə C.Məmmədquluzadənin hekayələri urdu dilinə tərcümə edilib”.
Qeyd olunub ki, 1918-ci ildə Azərbaycan müstəqillik əldə etdikdə dövlət bayrağında “türkləşmək, müasirləşmək, islamlaşmaq” formuluna, Pakistan isə “islamlaşmaq, millətləşmək və müasirləşmək” formuluna üstünlük verib. Bir-biri ilə səsləşən bu formullar indi də uğurla davam etdirilir.
Vrije Universiteti Brüssel təmsilçisi, professor Filip Hambl çıxışında hər iki Şərq mütəfəkkiri haqqında fikirlər səsləndirib, Qərblə də əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışıb.
Konfransda, həmçinin “Orta əsrlərdə Azərbaycan-Pakistan siyasi və mədəni əlaqələrinə bir baxış”, “Məhəmməd Füzuli və Türk dünyası”, “Həzrət Sultan Baho yaradıcılığında tərbiyəvi ideyalar” mövzusunda məruzələr dinlənilib.