MƏHKƏMƏ FƏALİYYƏTİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Həmçinin, ölkəmizin Prezidenti İlham Əliyevin bu il fevral ayının 2-də yerli sahibkarlarla görüşü zamanı məhkəmələrin fəaliyyəti ilə bağlı qeyd etdiyi nöqsan və mənfi halların aradan qaldırılması üzrə müvafiq tədbirlər müəyyən olunmuş, o cümlədən Avropa Şurası ilə əməkdaşlıq şəraitində məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, hakimlərin seçilməsi və təyinatı qaydasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha da təkmilləşdirilməsi üzrə təkliflər hazırlanmışdır.
Bu təkliflərin müzakirəsi üçün Ədliyyə Nazirliyi Avropa Şurası ilə birgə 2004-cü il martın 24-25-də hakimlərin müstəqilliyi, təyin olunması və fəaliyyətlərinin qiymətləndirilməsi üzrə ikitərəfli görüş təşkil etmişdir.
Həmin tədbirlərdə iştirak etmək üçün Avropa Şurasının hüquqi işlər üzrə baş direktoru Gi De Vel və Avropa Şurasının bir qrup nüfuzlu eksperti ölkəmizə gəlmişlər.
Səfərlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etməklə başlayan qonaqlar bu böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısında, xüsusilə ölkəmizin beynəlxalq nüfuzunun artmasında, məhkəmə-hüquq islahatının aparılmasında əvəzsiz xidmətlərini ehtiramla qeyd etmişlər.
Sonra Gi De Vel və Avropa Şurasının digər təmsilçiləri ikitərəfli görüşdə iştirak üçün Ədliyyə Nazirliyinə gəlmişlər.
Tədbiri giriş sözü ilə açan ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə aparılan məhkəmə-hüquq islahatının mütərəqqi mahiyyətini qeyd etmiş, bu sahədə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusilə də Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini vurğulamış, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əlavə tədbirlərə toxunmuşdur. Ölkəmizdə aparılan bu islahatların müəllifi olmuş möhtərəm Heydər Əliyevin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Gi De Vel və Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış etmiş, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında beynəlxalq təcrübənin əhəmiyyətini vurğulamışlar.
Hakimlərin müstəqilliyinə, seçilməsinə, təyin olunmasına və fəaliyyətlərinin qiymətləndirilməsinə dair Avropa Şurasının standartları, bu sahədə ayrı-ayrı dövlətlərin müsbət təcrübəsi barədə iclasda ətraflı məlumat verilmiş, ədalət mühakiməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təklifləri müzakirə olunaraq təqdirəlayiq hesab edilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Südabə Həsənova, Baş prokuror Zakir Qaralov, məhkəmə sədrləri, hakimlər, ədliyyə və prokurorluq işçiləri, vəkillər tədbirdə iştirak etmişlər.
Həmin gün Gi De Vel ədliyyə naziri Fikrət Məmmədovla görüşmüş, ölkəmizin Avropa Şurası ilə hüquqi sahədə əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur.