MEKSİKA AZƏRBAYCAN İLƏ ƏMƏKDAŞLIĞA XÜSUSİ ÖNƏM VERİR
Öz hökuməti tərəfindən Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru vəzifəsinə namizəd irəli sürüldüyünü bildirən Xulio Frenki, Azərbaycana da bu seçkiqabağı kampaniya çərçivəsində səfər etdiyini demişdir. Azərbaycanın səhiyyə naziri ilə görüşdüyünü və məsləhətləşmələr apardığını bildirən meksikalı nazir, bu seçkilərdə Azərbaycanın dəstəyinə də arxalandığını bildirmişdir.
Azərbaycan və Meksika arasında bir sıra oxşarlıqları vurğulayan qonaq, hər iki ölkənin qədim mədəniyyətə malik, neft istehsal edən və keçid iqtisadiyyatlı ölkələr olduğunu qeyd etmiş, Azərbaycanın Mexikoda səfirliyinin açılması haqqında qərarın ikitərəfli əlaqələri daha da möhkəmləndirəcəyinə əminliyini ifadə etmişdir.
Nazir Elmar Məmmədyarov Meksikanın yoxsulluğun azaldılması və minilliyin çağırışları proqramı çərçivəsində fəaliyyətini, səhiyyə ilə bağlı təşkil etdiyi bir sıra konfransları yüksək qiymətləndirmiş, Azərbaycanın DST ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən E.Məmmədyarov, münaqişədən minlərlə insanın əziyyət çəkdiyini, bir milyona yaxın qaçqın və məcburi köçkünün hələ də çadırlarda yaşadığını bildirmişdir. Azərbaycan hökumətinin bu istiqamətdə bir sıra tədbirlər və proqramlar həyata keçirdiyini bildirən nazir E.Məmmədyarov, beynəlxalq ictimaiyyətin, o cümlədən DST-nin də bu problemə diqqətini və qayğısını artırılmasının zəruriliyini vurğulamışdır. Nazir bunun nəinki humanitar, həm də siyasi baxımdan vacib olduğunu, belə ki, bu qayğının beynəlxalq ictimaiyyətin münaqişəyə diqqətini gücləndirəcəyini nəzərə çatdırmışdır.
E.Məmmədyarov Azərbaycanın Meksika ilə əməkdaşlığa xüsusi önəm verdiyini və Mexikoda səfirliyin açılması haqqında qərarın mühüm addım olduğunu bildirmiş, Meksika hökumətini də ölkəmizdə səfirlik açmağa çağırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.