Meksikanın tanınmış Milli Muxtar Universitetinin tələbələri Azərbaycan səfiri ilə görüşüblər
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Latın Amerikası regionunun nüfuzlu ali təhsil müəssisələrindən olan Meksika Milli Muxtar Universitetinin (UNAM) Siyasi və sosial elmlər fakültəsinin tələbələri ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, UNAM-ın professoru Talya İşcanın da iştirakı ilə səfirlikdə keçirilmiş görüşdə diplomat “Azərbaycan regionda yeni reallıqlar yaradır: iqtisadiyyat, stabillik, təhlükəsizlik və sülh” mövzusunda təqdimatla çıxış edib. M.Talıbov çıxışında tələbələri müasir Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti sayəsində dövlətimizin quruculuğu istiqamətində atılmış mühüm addımları, o cümlədən ölkəmizin ikitərəfli və çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi, enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı ilə reallaşdırılmış genişmiqyaslı enerji və nəqliyyat layihələri barədə ətraflı məlumatlandırıb. Bu xüsusda, şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasında, habelə Avropanın enerji təhlükəsizliyində ölkəmizin müstəsna roluna diqqət çəkilərək etibarlı və vacib tərəfdaş olduğu vurğulanıb.
M.Talıbov, həmçinin Birinci və İkinci Qarabağ müharibələrindən, bölgədəki yeni reallıqlardan, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindən, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, mövcud mina təhlükəsindən, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışının həyata keçirilməsi istiqamətində atılan addımlardan söz açıb.
Görüşdə bu gün dünyada ölkəmizin artan rolundan bəhs edilərək, Azərbaycanın neft-qaz strategiyası, iqtisadi inkişaf göstəriciləri, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər, BMT-dən sonra ən iri təşkilat olan Qoşulmama Hərəkatı, BMT Təhlükəsizlik Şurası və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik təcrübəsi barədə məlumat verilib.
Çıxışında qazıntı yanacağı ixrac edən ölkə olmasına baxmayaraq, bu gün yaşıl enerjiyə keçidi prioritet olaraq müəyyən edən Azərbaycanın COP29-a ev sahibliyi və görülən fəal hazırlıq işləri barədə danışan M.Talıbov tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın verilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisi olduğunu diqqətə çatdırıb.
Bundan əlavə, çıxışında Meksika ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə toxunan M.Talıbov əlaqələrdə artan müsbət dinamikadan söz açıb. Bu xüsusda, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında mədəniyyət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən söz açılıb.
Görüşdə, həmçinin Azərbaycanın bu gün xarici tələbələr üçün yaratdığı təhsil imkanları, o cümlədən təcrübə və təqaüd proqramları barədə ətraflı məlumat verilib.
Tələbələr tərəfindən böyük maraqla qarşılanan təqdimat qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında sual-cavab sessiyası ilə davam etdirilib.