Məktəb direktoru: Əminəm ki, hər bir azərbaycanlı quruculuq işlərinə öz töhfəsini verəcək
Bakı, 12 mart, AZƏRTAC
Mən müəlliməm. Əsas vəzifəm gənc nəsli vətənpərvərlik ruhunda tərbiyələndirmək və həqiqətləri onlara çatdırmaqdır. Hər zaman şagirdlərimə demişəm ki, biz müasir, müstəqil dövlətdə yaşadığımıza görə ümummilli liderimiz Heydər Əliyevə borcluyuq! Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsizdir. Ömrünü xalqımızın, dövlətimizin inkişafına həsr etmiş Ümummilli Liderin bütün sahələrdə siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı erməni işğalından azad etdi, 44 günlük Vətən müharibəsindəki Qələbəmiz tariximizə qızıl hərflərlə yazıldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova söyləyib. O bildirib ki, ölkəmizdə bütün sahələrdə uğurların qazanılması, xalq-ordu-dövlət birliyi sayəsində üçrəngli bayrağımızın Qarabağda dalğalanması Prezident İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, möhkəm iradəsinin və qətiyyətli addımlarının parlaq nümunəsidir. Bu şanlı, tarixi Qələbənin əhəmiyyəti xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.
“Azərbaycanın gələcək inkişafı ilə bağlı müxtəlif dövlət proqramları, ümummilli məsələlərin həllində vahid platformanın təmin edilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin planlı şəkildə aparılması qarşıda duran əsas vəzifələrdəndir. Təbii ki, qarşıya qoyulan vəzifələr sırasına məqsədyönlü və prinsipial xarici siyasət kursunun davam etdirilməsi, ölkənin maraqlarının və mənafelərinin qorunması, bütün ölkələrlə əməkdaşlıq mühitinin inkişaf etdirilməsi və daha müasir və güclü ordu quruculuğu istiqamətində işlərin davam etdirilməsi də daxildir.
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qalacaq. Bu qurultay Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsi ilə şərtlənən və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edir. Qurultayda YAP-ın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. İnanıram ki, qarşıda duran çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından, cinsindən, təhsilindən, maddi imkanından asılı olmayaraq, hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək göstərəcək və dirçəliş tariximizə öz layiqli töhfəsini verəcək. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın birliyinin növbəti təzahürü olacaq”, - deyə məktəb direktoru fikrini yekunlaşdırıb.