Məktəb direktoru: Vətən müharibəsindəki Zəfərimiz tarixi ədalətin bərpası idi
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Ordumuz 44 günlük Vətən müharibəsində vəzifəsinin öhdəsindən məharətlə və yüksək peşəkarlıqla gəldi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi, uğurlu daxili və xarici siyasəti, ordumuzun əsgər və zabitlərinin şücaəti Vətən müharibəsində Qələbəni şərtləndirən amillərdir. Bu tarixi Zəfər ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin də qanı yerdə qalmadı. Vətən müharibəsi dövründə xalqımız milli həmrəyliyini dünyaya nümayiş etdirdi. Birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyasını yerinə yetirdi. Cəmi 44 günlük Vətən müharibəsi otuz ilə yaxın davam edən münaqişəyə son qoydu. Azərbaycan xalqının bu Qələbəsi tarixi əhəmiyyətə malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında 67 nömrəli məktəbin direktoru İradə Bayramova söyləyib. O bildirib ki, işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayan ordumuzun yenilməzliyi sayəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. İkinci Qarabağ müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək. Bu şanlı Qələbə ölkəmizin gələcək inkişafına, daha da qüdrətlənməsinə, çiçəklənməsinə, yüksəlməsinə əvəzsiz töhfələr verəcək. Vətən müharibəsində qazandığımız Zəfər tarixi ədalətin bərpası idi.
“Bu gün Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında mənafeyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Döyüş meydanında vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikasını, silah-sursatını məhv edən müzəffər Ordumuz Vətən müharibəsində peşəkarlığını və yenilməzliyini dünyaya nümayiş etdirdi. Çoxlu itkiyə məruz qalan işğalçı Ermənistan məğlub oldu. Bunun nəticəsində “Dəmir yumruq” əməliyyatı uğurla, Zəfərlə başa çatdı. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan Ordusu!”, - deyə İradə Bayramova bildirib.