Məktəblilər arasında “Qızıl Bayt 2018” beynəlxalq kompüter çempionatı keçiriləcək
Bakı, 5 mart, AZƏRTAC
STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə məktəblilər arasında “Qızıl Bayt 2018” (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, çempionatın keçirilməsinin əsas məqsədi informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını təmin etmək, layihələrinə dəstək verməkdir.
Bu il Təhsil Nazirliyinin dəstəyi ilə azərbaycanlı gənclər ikinci dəfə çempionatda iştirak edəcəklər.
Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək.
Bundan başqa, ümumtəhsil müəssisələrinin şagirdləri 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə qeyd olunanlardan əlavə təbiətin qorunması, sosial problemlərin həlli kimi proyekt və ideyaları da təqdim edə bilərlər. Həmin şagirdlərin müəllimləri də mentor kimi layihəyə cəlb oluna bilərlər.
Yarış qeydiyyat, regional final və beynəlxalq finaldan ibarət olmaqla üç mərhələdə keçiriləcək. Layihələrin qəbulu martın 15-dək çempionatın rəsmi səhifəsində http://goldenbyte.org/ru/ aparılacaq.
Artıq 10 ildir ki, təşkil olunan “Qızıl Bayt” çempionatının Ukraynada keçiriləcək beynəlxalq final mərhələsinin qalib layihəsinə 20. 000 dollar məbləğində pul mükafatı veriləcək.
Ötən il “Qızıl Bayt 2017” beynəlxalq kompüter çempionatında ölkəmizi təmsil edən iştirakçılar iki qızıl və iki bürünc medala layiq görülüblər.