Məktəblilər Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məlumatlandırılır
Bakı, 1 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlər 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məlumatlandırılıb.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəblərdə Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsinin əsas məqsədi şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdir.
Şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilir. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları onlara izah edilir.
Maarifləndirmə çərçivəsində fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, ilkin tibbi yardım, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar şagirdlərin nəzərinə çatdırılır.