Məktəblilərə sağlam ətraf mühitdə yaşamaq hüququ barədə məlumat verilib
Bakı, 25 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində müxtəlif ümumi təhsil məktəblərində maarifləndirici görüşlər təşkil olunub.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, “Təmiz ətraf mühit hər kəsin hüququdur” mövzusu ətrafında Sabirabad şəhərinin 5 nömrəli, Tərtərin Bəyimsarov, Ağdaşın Dəhnəxəlil, Qobustanın Yekəxana, Bərdənin Y.Kərimov adına Yeni Daşkənd tam orta məktəblərində keçirilən görüşlərdə şagirdlərə Konstitusiya ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ barədə ətraflı məlumat verilib, ətraf mühitin mühafizəsinə dair qanunvericiliyin əsas müddəaları, vətəndaşların bu sahədə hüquq və vəzifələri, təbiətə zərər vurulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri izah edilib.
Tədbirin interaktiv hissəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb və ekoloji məsuliyyətin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, həmin maarifləndirici görüşlər İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək ölkədə elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunub.