“MƏN ÇOX ŞADAM Kİ, DÜNYA ÇEMPİONATI BAKIDA KEÇİRİLİR”
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 15-də “Excelsior” otelində Bakıda keçiriləcək dünya çempionatına həsr edilmiş mətbuat konfransında Beynəlxalq Güləş Federasiyasının prezidenti (FİLA) Rafael Martinetti demişdir.
FİLA-nın prezidenti bildirmişdir ki, Azərbaycan bu çempionatın yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Bu mötəbər yarışın əhəmiyyətindən danışan natiq söyləmişdir ki, hər çəki dərəcəsi üzrə 8 güləşçi dünya səviyyəsində tanınmaqla yanaşı, 2008-ci ildə keçiriləcək Pekin Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaqdır.
R.Martinetti vurğulamışdır ki, Prezident İlham Əliyev başda olmaqla ölkənin yüksək səviyyəli rəhbər şəxsləri bütün iştirakçıların idman karyerasında bu çempionatın unudulmaz an olaraq qalması üçün lazımi tədbirlər görmüşlər.
Gənclər və idman naziri Azad Rəhimov söyləmişdir ki, sentyabrın 17-dən 23-dək Bakıda kişi və qadınlar arasında sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatında yüzdən artıq ölkənin iştirakı gözlənilir.
Bu yarışlara təqribən 2500-ə qədər idmançının qatılacağını bildirən nazir söyləmişdir ki, artıq Bakıda 17 ölkəni təmsil edən güləşçilər təlim-məşq toplanışı keçirirlər.
A.Rəhimov demişdir ki, dünya çempionatına qatılan xarici ölkələrin təmsilçiləri 11 mehmanxanada yerləşdiriləcək və onların toxunulmazlığı tam təmin ediləcəkdir.
Diqqətə çatdırılmışdır ki, dünya çempionatına qatılacaq dövlətlərdən yalnız 47-nin tərkibində zərif cinsin nümayəndələri vardır.
Çempionata müxtəlif ölkələri təmsil edən 100-ə yaxın hakim cəlb edilmişdir ki, onlardan 60-ı Pekin Yay Olimpiya oyunlarında görüşləri idarə edəcəkdir.
Tədbirdə ilk yerlərə sahib olacaq güləşçilərin qazanacaqları medallar nümayiş etdirilmişdir.
Jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.
Xatırladaq ki, sentyabrın 17-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək ilk qarşılaşmalarda yunan-Roma güləşi üzrə 55,60 və 66 kiloqram çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulacaqlar.