MƏQSƏD AMERİKA-AZƏRBAYCAN HƏRBİ ƏMƏKDAŞLIĞINI GENİŞLƏNDİRMƏKDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general-polkovnik Səfər Əbiyev son zamanlar Azərbaycan ilə ABŞ arasında əlaqələrin və strateji əməkdaşlığın güclənməsindən danışmış, Prezident İlham Əliyevin “Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı” sənədini Brüsseldə NATO-nun baş katibinə təqdim etdiyini vurğulamış və demişdir ki, Azərbaycan NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində və beynəlxalq terrorizmlə mübarizədə fəaliyyətini ABŞ ilə çiyin-çiyinə davam etdirir. Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı da uğurla inkişaf edir.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə toxunmuş və söyləmişdir ki, Ermənistan Azərbaycanın torpaqlarını hələ də işğal altında saxlayır, BMT Təhlükəsizlik Şurasının işğalçıların Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmələri haqqında dörd qətnaməsini yerinə yetirmir. Bizi narahat edən odur ki, dünya ictimaiyyəti indiyədək Ermənistanı işğalçı dövlət adlandırmamışdır.
Konqresmen Kurt Ueldon nümayəndə heyətini təqdim etmiş və demişdir ki, beynəlxalq terrorizmlə mübarizədə Azərbaycan əsgərlərinin ABŞ əsgərləri ilə bir sırada olmasını yüksək qiymətləndiririk. Onlar yüksək hazırlıqlı hərbi qulluqçulardır. Biz buna görə Azərbaycan xalqına minnətdarıq. O, ölkəmizə səfərinin məqsədini açıqlayaraq vurğulamışdır ki, missiyamız ABŞ-Azərbaycan hərbi əməkdaşlığını genişləndirməkdir. Biz Rusiya Federasiyasında danışıqlar apararkən təhlükəsizlik məsələlərində Azərbaycanın necə böyük rol oynadığını onlara xatırlatdıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Kurt Ueldon bildirmişdir ki, ABŞ bu istiqamətdə səylərin artırılması fikrindədir. ABŞ Azərbaycanla əlaqələrini öz strateji müttəfiqi kimi davam etdirəcəkdir.
Görüşdə iştirak edən digər konqresmenlər də beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ı dəstəklədiyinə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür etmişlər. Onların fikri bu olmuşdur ki, Azərbaycanı ABŞ ilə böyük və hərtərəfli əməkdaşlıq gözləyir.
Müdafiə naziri Səfər Əbiyev səmimi sözlər üçün konqresmenlərə təşəkkür etmiş və bildirmişdir ki, Azərbaycan coğrafi-siyasi vəziyyətinə görə dünyanın iri dövlətlərinin diqqətini özünə cəlb edir. Azərbaycan müstəqilliyinin ilk günlərindən Qərbə, o cümlədən ABŞ-a inteqrasiyaya üstünlük vermişdir. Bu seçim böyük iqtisadi layihələrin meydana gəlməsinə şərait yaratmışdır. Azərbaycan bu mövqeyində möhkəm dayanmışdır.
Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət barədə qonaqlara məlumat verən nazir əsas məqsədimizin Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirməkdən ibarət olduğunu diqqətə çatdırmış, Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və digər sahələrdə qonaqları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş iştirak etmişdir.