Mərakeş millisinin futbolçuları zəlzələdən zərərçəkənlər üçün qan veriblər
Bakı, 11 sentyabr, AZƏRTAC
Mərakeş baş vermiş dəhşətli zəlzələdən sonra özünə gəlməyə başlayır. Son 120 ildə Afrikada belə təbii fəlakət yaşanmayıb. Faciəyə ilk reaksiya verənlərdən biri İspaniyanın “Real Madrid” futbol klubu olub. Mərakeş idmançıları da yardım aksiyasına qoşulublar.
AZƏRTAC xəbər verir ki, ölkənin ən tanınmış futbolçusu Əşrəf Hakimi yığma komandanın futbolçularını qan verməyə çağırıb və cəmi bir neçə saat sonra xəstəxanada növbə yaranıb.
Mərakeş millisinin sentyabrın 12-də evdə Burkina-Faso ilə keçirməli olduğu yoldaşlıq görüşü Fransada baş tutacaq. Daha əvvəl isə Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiya ilə planlaşdırılan oyun təxirə salınıb. Komanda üzvləri meydana çıxmaq əvəzinə, zəlzələdən zərərçəkənlər üçün qan verməyə gediblər. Futbolçular faciəyə biganə qala bilməyən hər kəsi sosial şəbəkələr vasitəsilə aksiyaya qoşulmağa çağırıblar.
“Mən hər kəsi zərərçəkənlərə qarşı mərhəmətli olmağa səsləyirəm, bütün yaralıların tezliklə sağalmasını arzu edirəm. Əminəm ki, bütün mərakeşlilər əllərindən gələn lazımi köməyi edəcəklər. Zərərçəkənlərin ailələrinə səbir arzu edirəm. Ümidvaram ki, bu faciə Mərakeş xalqı üçün sonuncu olacaq”, - deyə yığmanın kapitanı Romen Says bildirib.
Komandanın baş məşqçisi Valid Reqraqi isə deyib: “Mərakeş böyük ölkədir, bu faciənin öhdəsindən gəlmək iqtidarındadır. Bilirik ki, xəstəxanalara qan lazımdır. Biz gələcəkdə digər yardım aksiyalarına da qoşulacağıq”.
Qeyd edək ki, zəlzələ nəticəsində 2 mindən çox insanın həlak olduğu, 1500 nəfərin ağır yaralandığı bildirilir.