Mərakeşin Dövlət katibi: Tarixi binaların ruhu və şəhərin mədəni yaddaşı mütləq saxlanılmalıdır
Bakı, 20 may, AZƏRTAC
Şəhərləri regenerasiya edən zaman bəzi hallarda radikal həll yollarına ehtiyac yaranır. Bununla belə, tarixi binaların ruhu və şəhərin mədəni yaddaşı mütləq saxlanılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Mərakeş Krallığında Milli Ərazi, Şəhərsalma, Mənzil Təsərrüfatı və Şəhər Siyasəti üzrə Nazirin Mənzil məsələlərinə cavabdeh Dövlət katibi Ədib Benbrahim BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi” mövzusunda keçirilən panel sessiya zamanı deyib.
O bildirib ki, tarixi məhəllələrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, ictimai infrastrukturun gücləndirilməsi və işsizlik problemlərinin həlli istiqamətində addımlar atılmalıdır. “Mədəni irsin qorunması ilə yanaşı, həmin ərazilərdə iqtisadi və sosial fəaliyyətlərin inkişafı da vacibdir. Əgər hər hansı bina yenidən inşa edilirsə, bu zaman şəhərin tarixi kimliyi və memarlıq üslubu mütləq nəzərə alınmalıdır”,- deyə Dövlət katibi əlavə edib.
Müxbir - Fidan Əlizadə