MƏRDƏKANDA SERGEY YESENİN VƏ PAVEL ANTOKOLSKİNİN YUBİLEYLƏRİ QEYD OLUNMUŞDUR
Mərasimi ədəbiyyat muzeyi direktorunun müavini Mübariz Məmmədli açaraq, Azərbaycanda Rusiya İli çərçivəsində keçirilən bu tədbirin əlamətdar bir hadisə olduğunu söyləmişdir. Xalqların taleyində ədəbiyyatların böyük rolu olduğunu qeyd edən natiq, mədəni əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi İqor Jenkov çıxış edərək, rus sənətkarlarının xatirəsinə göstərilən ehtirama görə Azərbaycan xalqına minnətdarlığını bildirmişdir. O, təşəbbüsün təşkilatçılarını alqışlamış, xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsində, fikir mübadiləsinin genişlənməsində ədəbiyyatın müsbət təsirini diqqətə çatdırmışdır.
Rus Mədəniyyət Mərkəzinin direktoru Svetlana Bazina rus şairlərinə göstərilən ehtirama görə minnətdarlığını bildirmiş, Sergey Yeseninin Azərbaycan xalqına olan sevgisindən danışmış, onun üçün Bakının, Mərdəkanın çox əziz diyar olduğunu söyləmişdir.
Səbail rayonu rus icmasının sədri Qalina Şipulina icma adından Azərbaycan xalqına təşəkkürünü bildirmiş, S.Yeseninin Azərbaycan haqqında yazdığı şeirlərindən nümunələr söyləmişdir.
Əzizbəyov rayonundakı 181, 183 nömrəli, Nizami rayonundakı 145 nömrəli məktəblərin şagirdlərinin ifasında S.Yesenin və P.Antokolskinin əsərlərindən ibarət ədəbi kompozisiya nümayiş etdirilmişdir.
Valeri Limberqin rəhbərliyi ilə “Çal, qarmon” rus mahnı və rəqs ansamblı maraqlı proqramla çıxış etmişdir.