MƏRHUM ROMA PAPASI MÜQƏDDƏSLƏR SIRASINA NİYƏ DAXİL EDİLMƏDİ?
İlahiyyatçılar II İohann Pavelin Roma Katolik Kilsəsinin başçısı olmasının müsbət cəhətlərini etiraf etməklə yanaşı, pontifikin müqəddəslər sırasına daxil edilməsinə, onların fikrincə, mane olan yeddi səbəbi də sadalamışlar. Kontrasepsiya problemi və kilsədə qadınların rolu barədə pontifikin son dərəcə mühafizəkar mövqeyi, habelə ABŞ ruhanilərinin nalayiq davranışının səbəb olduğu qalmaqal da bu qəbildəndir.
Bundan əlavə, məktubun müəllifləri Vatikanın hansısa “gizli maliyyə işləri”ni, yəni Müqəddəs taxt-tacın İtaliyanın 1982-ci ildə müflisləşən “Ambroziano” bankı ilə əlaqələrini də xatırladırlar. O vaxt İtaliya məhkəməsi qərar çıxarmışdı ki, “Ambroziano”da kiçik məbləğdə payı olan Vatikan Bankı 1,3 milyard dollar məbləğində müflis öhdəliyinə görə qismən məsuliyyət daşıyır. Vatikan bu bank fırıldaqlarında əli olduğunu inkar etsə də, hər halda, kreditorlara 250 milyon dollar ödəməli olmuş və bunu “xoşməramlı addım” adlandırmışdı.
İlahiyyatçılar müqəddəsləşdirməyə (beatifikasiyaya) aidiyyəti olanların hamısını II İohann Pavelin bəzi dini nəzəriyyələr barəsində həyata keçirdiyi “repressiyalar”ı da nəzərə almağa çağırırlar. İndiki halda, Vatikanın Latın Amerikasının katolik keşişləri - 1970-80-ci illərdə sosial ədalətsizliyə və hərbi diktaturalara qarşı çıxış etmiş “liberal ilahiyyat” tərəfdarları ilə mübarizəsindən söhbət gedir.
Xatırladaq ki, II İohann Pavelin gələcəkdə kanonlaşdırılması üçün zəruri sayılan müqəddəsləşdirmə proseduruna 2005-ci ilin iyununda, yəni onun vəfatından iki ay sonra başlanmışdır. Bu isə kilsə qanunlarının pozulması deməkdir. Qaydalara görə, bu məsələyə namizədin ölümündən ancaq beş il sonra başlanır. Müqəddəsləşdirmə üçün Vatikan mərhum Papanın havadarlıq sahəsində həyata keçirdiyi azı bir möcüzəni, habelə onun mömincəsinə işlər gördüyünü təsdiqləməlidir.