MERKEL VƏ BLEYER “HƏMAS”I İSRAİLİ TANIMAĞA ÇAĞIRIRLAR
Görüşün əsas mövzularından biri Yaxın Şərqdə vəziyyətin nizama salınması ilə bağlı olmuşdur. Merkelin sözlərinə görə, bu məsələdə onunla Bleyer arasında tam həmrəylik var. Almaniya hökumətinin başçısı demişdir: “Biz yekdil fikirdəyik ki, “Həmas” bu şərtləri yerinə yetirməlidir: zorakılıqdan imtina, İsrail dövlətinin və mövcud sülh müqavilələrinin tanınması. Fələstin Muxtariyyətinin yeni hökuməti ilə əməkdaşlıq ancaq bundan sonra mümkündür”.
Bleyer isə vurğulamışdır ki, “Həmas”ın İsrailin bu hüququnu tanımaqdan boyun qaçırması Yaxın Şərq probleminin dincliklə nizama salınmasını mümkünsüz edir. Problem yalnız “iki dövlətin yanaşı mövcudluğu” prinsipi əsasında həll edilə bilər.
Görüşdə Tehranın milli nüvə proqramı çərçivəsində işlərə yenidən başlamağı qərara alması, habelə Avropa siyasətinin əsas məsələləri və mühüm beynəlxalq problemlər də diqqət mərkəzində olmuşdur.
Hər iki siyasətçinin sözlərinə görə, onlar İranın nüvə problemi məsələsində də həmrəydirlər. Merkel bəyan etmişdir ki, İran hökuməti öz hərəkətləri ilə “təhlükəli həddi keçmişdir” və buna görə məsuliyyət daşımalıdır.
Bleyer jurnalistlərin İraqda vəziyyət barədə suallarına cavabında demişdir ki, onun hökuməti Britaniya qoşunlarını bu ölkədən çıxarmaq niyyətində deyildir.