Mərkəzi Elmi Kitabxanada Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 İyul – Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə MEK-in Milli Mətbuat Günü ilə bağlı ənənəvi kitab sərgisi ilə tanışlıq olub. Eyni zamanda, şəhid jurnalistlərin fotoşəkillərindən ibarət guşəyə baxış keçirilib.
Dəyirmi masa ətrafında davam edən tədbirdə MEK-in direktoru Hüseyn Hüseynov ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bütöv Azərbaycanda peşəkar jurnalist ordusunun formalaşdığını bildirib. “44 günlük Vətən müharibəsində milli mediamızın fədakarlığına bir daha şahid olduq, ordumuz hərb meydanında düşmənlə savaşanda jurnalistlərimiz də media cəbhəsində döyüşürdü”, - deyə direktor sözlərinə əlavə edib.
Tədbirdə Mərkəzi Elmi Kitabxananın Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev, elmi katib Şəbnəm Rüstəmova “Əkinçi” qəzeti ilə əsası qoyulan 149 illik milli mətbuatımızın inkişaf yolu haqqında danışıblar.
MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə Azərbaycan kitabxana sistemində ilk dəfə yaradılan fondun azad edilmiş Qarabağ torpaqlarında yayımlanan radio verilişlərində təbliğindən, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mina İbrahimova müasir Azərbaycanda formalaşmış demokratik cəmiyyətdə söz, fikir və ifadə azadlığının təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərdən, həmçinin ölkə mediasının azad və güclü bir cəmiyyət institutu kimi fəaliyyətindən danışıblar.