MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA SEMİNAR–MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin məsul işçiləri, seçkilər keçiriləcək seçki dairələri dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seminar-müşavirəni açaraq bildirmişdir ki, 6 oktyabr seçkiləri ilə bağlı bütün proseslər MSK-nın təsdiq etdiyi Təqvim Planına uyğun getmişdir. Bu günədək MSK-ya çox az sayda şikayətlərin daxil olması seçki komissiyalarının qanunun tələblərinə uyğun addımlar atdığının göstəricisidir. Lakin çox məsul və həlledici mərhələ qabaqdadır. Bu da səsvermə mərhələsidir. Mərkəzi Seçki Komissiyası səsvermənin yüksək səviyyədə təşkil edilməsi üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirmişdir. Aşağı seçki komissiyaları bütün zəruri sənədlərlə, dəftərxana ləvazimatı və texniki avadanlıqla təchiz edilmişlər. Dairə və məntəqə seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılması məqsədi ilə seminarlar və treninqlər keçirilmişdir. Seçki qanunvericiliyi və Azərbaycan Prezidentinin siyasi iradəsi bizə imkan verir ki, bu seçkiləri əvvəlkilərdən də yüksək səviyyədə keçirək. Həm Seçki Məcəlləsinin, həm də ölkə rəhbərliyinin tələbi bundan ibarətdir ki, bütün seçki hərəkətləri aşkarlıq şəraitində həyata keçirilsin. Bu tələb xüsusilə də səsvermə gününə aiddir. Səsvermə günü bütün addımlar şəffaflıq şəraitində atılmalıdır.
Bu günədək 7800-ə yaxın yerli müşahidəçinin qeydiyyatdan keçdiyini söyləyən MSK sədri bildirmişdir ki, müşahidəçilərin səsvermənin gedişini, səslərin sayılmasını izləmələrinə, yekun protokolunun surətini əldə etmələrinə şərait yaradılmalıdır. Onlar Mərkəzi Seçki Komissiyasının hazırladığı “Müşahidəçilər üçün yaddaş kitabçaları” ilə təmin edilməlidirlər. Bu kitabçada müşahidəçilərin hüquq və vəzifələri onlara izah olunur.
M.Pənahov seçki bülletenlərinin saxlanmasının və məntəqə seçki komissiyalarına çatdırılmasının qanunun tələblərinə uyğun aparılmasının zəruriliyini də vurğulamışdır. O, həmçinin bildirişlərin seçicilərə paylanmasına ciddi diqqət yetirilməsini tövsiyə etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov “Seçki komissiyalarının səsvermə protokollarının doldurulmasının qaydaları, seçkilərin ilkin nəticələrinin seçki dairələri üzrə cədvəl şəklində elan edilməsi”, komissiyanın üzvü İlham Məmmədov isə “Səsvermənin təşkili və seçki komissiyaları üzvlərinin vəzifələri” mövzularında məruzə etmişlər.
Tədbirin sonunda Mərkəzi Seçki Komissiyasının sədri və məruzəçilər sualları cavablandırmışlar.