MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə komissiyanın 2006-cı il 7 fevral və 10 fevral tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova, Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov, üzvləri Tamam Cəfərova və Rövşən İsmayılov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin formalaşdırılması haqqında məlumat vermişlər. MSK 12 seçki dairəsi dairə seçki komissiyasının tərkibinin formalaşdırılmasına dair qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov komissiyaya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Müraciətlərdən biri araşdırılmaq üçün Daxili İşlər Nazirliyinə göndərilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.