Meşə yanğınlarının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir
Bakı, 12 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrdə, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğınların qarşısının alınması məqsədi ilə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə ehtimalı artmışdır. Meşə yanğınlarının qarşısının alınması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin tədbirlər planına uyğun olaraq meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçiləri üçün təlim-məşqlər keçirilmişdir. Yanğın təhlükəsi gözlənilən ərazilərdə 708 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqların çəkilməsinə və əvvəlki illərdə çəkilmiş 645 kilometr köhnə zolaqların təmir edilməsi işlərinə başlanılmışdır.
Bundan əlavə, meşə mühafizəsi və bərpası müəssisələri texniki avadanlıqlarla təchiz olunmuş, növbətçiliklər təşkil edilmiş, yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılmış, meşəətrafı ərazilərdə minerallaşdırılmış zolaqların yaradılması üçün müvafiq tədbirlər görülmüşdür.
Bütün bunların nəticəsidir ki, meşə yanğını hadisələrinin sayı əvvəlki illərə nisbətən azalaraq minimuma endirilmişdir.