Məşhur fotoqraf Şuşa ilə bağlı arzularını açıqladı
Bursa, 10 dekabr, AZƏRTAC
Şuşa nisgili daima mənim ürəyimdə yaşayırdı, ruhum Şuşada qalmışdı. Şuşanı dünyaya göstərmək istəyirdim. Şükürlər olsun ki, bu arzuma çatdım.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində dünyada məşhur fotoqraf Reza Deqati bildirib.
Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günlərində sərgilənən, özündə Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” fotosərgisi haqqında danışan fotoqraf deyib: “Bursa bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Bu adın qarşıdan gələn il üçün Şuşaya təhvil verilməsindən çox qürurluyam. Otuz illik zəhmətimi məhz belə bir mərasimdə nümayiş etdirə bildiyim üçün çox xoşbəxtəm və bununla fəxr edirəm. Burada tədbirə gələnlər, o cümlədən türk dövlətlərinin çoxsaylı nümayəndələri sərgiyə baxaraq Şuşa ilə yaxından tanış oldular. Əminəm ki, gələn il bütün bu qonaqlar Şuşada bir daha mənim sərgimə baxacaqlar. Şuşanı dünyaya çatdırmaq bizim borcumuzdur, gərək bütün dünya bu cazibədar gözəlliyi görsün və tanısın. Mən bu işi görməyi özümə borc bildim”.
Xatırladaq ki, məşhur fotoqraf Reza Deqatinin Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” fotosərgisi 2022-ci il üçün “Türk Dünyasının mədəniyyət paytaxtı” olan Bursada keçirilən Şuşa Günlərində açılıb. Şuşa Günləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa