MƏTBUATDA DİL PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda müasir Azərbaycan mətbuatında dil problemləri müzakirə olunmuşdur.
Komissiyanın üzvü, BDU-nun professoru Nəsib Məmmədov demişdir ki, Azərbaycan müstəqillik yolunda inamla irəliləyir. Respublikamızda bu gün qeydiyyatdan keçmiş 3 mindən çox mətbu orqan vardır. Bunların isə yalnız 200-ü fəaliyyət göstərir. Onların da 14-ü radio-televiziya, 20-si gündəlik, 30-u həftəlik, qalanları isə qeyri-sabit nəşr olunurlar. Müstəqilliyimizin davamlı olmasında və inkişafımızda mətbuatın rolu danılmazdır. Amma bu sahədə də müəyyən problemlər, qüsurlar mövcuddur. Çatışmazlıqların biri də ana dilimizlə bağlıdır. Məlumdur ki, Azərbaycan dili müxtəlif dövrlərdə müəyyən təsirlərə məruz qalmış və bəzi əcnəbi sözlər dilimizə daxil olmuşdur. Bundan başqa, dilimizdəki incəliklərə, qanunauyğunluqlara fikir verilməməsi bu sahəyə ciddi təsir göstərmişdir. Problemləri öyrənmək üçün mətbuat üzrə monitorinq keçirilmişdir. Məlum olmuşdur ki, yalnız rəsmi mətbuat ana dilimizdəki sözlərdən istifadə edir. Buna baxmayaraq, elə problemlər var ki, onlar hər iki sahədə qalmaqdadır.
İclasda iştirak edən digər dilçi alimlər, mütəxəssislər və KİV nümayəndələri mövcud problemlərdən danışmış, çıxış yollarını araşdırmışlar.