MİDA Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib
Bakı, 26 sentyabr, AZƏRTAC
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün 5-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-a MİDA-dan bildirilib.
Yaşıllaşdırma aksiyasının məqsədi ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, həmçinin ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına töhfə verməkdir.
Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun nümayəndələri və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib.