Milli Arxiv İdarəsi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib
Bakı, 7 aprel, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələləri həmişə xüsusi diqqət mərkəzində olub. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar və qərarlar qəbul edilib, bu sahədə çox böyük dəyişikliklər həyata keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində Milli Arxiv İdarəsi və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivləri tərəfindən müvafiq tədbirlər, o cümlədən ağacəkmə aksiyaları keçirilməkdədir.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin Azərbaycan təbiətinə bağlılığını simvolizə edən növbəti ağacəkmə aksiyası Milli Arxiv İdarəsi tərəfindən həyata keçirilib.
Milli Arxiv İdarəsinin rəhbərliyi və kollektivi tərəfindən İdarənin balansında olan ərazidə mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, abadlıq və təmizlik işləri aparılıb. Eyni zamanda yeni həmişəyaşıl ağaclar əkilib.