Milli Azərbaycan Tarixi Muzeyində Şəddadilər dövrünə aid sikkələr qorunur
Bakı, 25 aprel, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Şəddadilər (951-1174) dövrünə aid dirhəmlər saxlanılır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sikkələrin üst tərəfinin mərkəzi hissəsinə - “tövhid” sözü, Abbasi xəlifəsinin titulu, ətrafına hicri tarixində zərb ili və zərbxana; arxa tərəfinin mərkəzi hissəsinə - Muhəmməd rəsulullah, Şəddadi əmirinin titulu və adı, ətrafına - Quran ayəsi (“Tövbə” surəsi, ayə 33) həkk olunub.
Qeyd olunub ki, belə dirhəmlər Gəncə, Ani, Dəbil və sair zərbxanalarda istehsal edilib. Bu cür sikkələr Bərdə, Qəbələ rayonlarında aşkarlanıb. Onlar “gümüş böhranı” adlandırılan dövrün Azərbaycan zərbxanaları və Yaxın Şərqin pul dövriyyəsi haqqında məlumat toplamağa kömək edir.