Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılıb
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı - XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılış mərasimi və Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər” və Meyxoş Abdullahın rus dilində nəşr olunmuş “Пленница…” (“Əsir qadın”) kitablarının, “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanmış sənədli filmin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, Xocalı faciəsi tarixdə misli-bərabəri olmayan, heç bir ölçüyə sığmayan bir qətliamdır. Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımından 28 il ötməsinə baxmayaraq, hər birimiz bu faciənin ağrısını yaşayırıq. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı qanlı qətliam törədib, 613 dinc sakin qətlə yetirilib, 150-ə yaxın insan itkin düşüb, 1275 nəfər isə girov götürülüb.
Xocalı qırğının təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayət olduğunu deyən Kərim Tahirov bu faciənin daha geniş miqyasda tanıdılması, soyqırımı aktı kimi qəbul olunması istiqamətində mühüm addımların atıldığını söyləyib. Bu baxımdan Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.
Qeyd edib ki, Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunub. Meyxoş Abdullahın müəllifi olduğu “Пленница…” adlı romanı da rusdilli oxucular və xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutulub. Qarabağ faciəsini özündə əks etdirən bu kitab bütün dövrlər üçün tariximizin mühüm dönəmlərini xatırlatmaq, bilməyənlərə anlatmaq baxımından mühüm əhəmiyyətli mədəniyyət, ədəbiyyat hadisəsidir.
Vurğulayıb ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil bu faciənin ağrı-acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidirlər.