MİLLİ MƏCLİS APARATININ RƏHBƏRİ SƏFA MİRZƏYEVİN ÇIXIŞI
Hörmətli həmkarlar!
Xanımlar və cənablar!
Xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə ardıcıl surətdə irəliləyən, cəmiyyət həyatının bütün sahələrini müasir dünya standartları əsasında qurmağa çalışan sivil bir ölkəyə çevrilmişdir. Əzm və qətiyyətlə həyata keçirilən siyasi, iqtisadi, hüquqi və sosial islahatlar Avropa dəyərlərindən bəhrələnən hüquqi, demokratik, dünyəvi dövlət qurmağa, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini bərqərar etməyə imkan vermişdir.
Ulu öndərimizin xalq qarşısında xidmətlərindən biri də ölkədə işlək və çevik dövlət idarəçiliyi mexanizmini yaratmasıdır. Azərbaycan Konstitusiyasında nəzərdə tutulan təsisatların qurulması prosesi dəqiq strategiya əsasında həyata keçirilmişdir. Bu istiqamətdə görülən mühüm işlərdən biri də dövlət qulluğunun müasir standartlar səviyyəsində qurulması olmuşdur.
1999-cu ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra dövlət başçısı tərəfindən bu sahəni tənzimləyən bir çox fərman və sərəncam imzalanmışdır. Dövlət qulluqçularının pensiya təminatına, sığortasına və digər məsələlərə aid bir sıra qanunlar qəbul olunmuşdur. Bununla da dövlət qulluğu sahəsində münasibətlərin hüquqi cəhətdən tənzimlənməsini təmin edən möhkəm normativ hüquqi baza yaradılmışdır.
Ümummilli liderimizin başladığı taleyüklü işləri əzmlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bütün başqa sahələrlə yanaşı, dövlət qulluğu ilə bağlı məsələlərə də böyük diqqət göstərir. Dövlət qulluğunun nüfuzunu yüksəltmək və onu zamanın tələblərinə uyğunlaşdırmaq məqsədi ilə bu mühüm sahədə çalışan əməkdaşların vəzifə maaşları və əlavə haqları, “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulduğu kimi, dövlət qulluqçusunun layiqli həyatını təmin edən səviyyəyə qaldırılmışdır. Dövlət hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularına ixtisas dərəcələri verilmişdir. Bu gün yüksək əhval-ruhiyyə ilə qeyd etdiyimiz peşə bayramımız təsis edilmişdir. Dövlət qulluqçularının məsuliyyət hissinin və dövlətçilik məfkurəsinin güclənməsinə təkan verən bu tədbirlər bizə göstərilən böyük qayğının təzahürü olmaqla yanaşı, həm də öhdəmizə düşən vəzifələri vicdanla yerinə yetirməyə, xalqa və Vətənə sədaqətlə xidmət etməyə ruhlandıran amillərdir.
Hazırda Azərbaycanda çox yüksək səviyyəli dövlət idarəçiliyi sistemi bərqərar olmuşdur. Ölkənin ali rəhbərliyi tərəfindən sosial-iqtisadi və siyasi həyatımızın inkişaf istiqamətlərini müəyyən edən uzunmüddətli strateji qərarlar vaxtlı-vaxtında qəbul edilir və uğurla həyata keçirilir.
Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Təhlillər göstərir ki, ölkə iqtisadiyyatının inkişafında əldə edilmiş çox yüksək sürət qarşıdakı illərdə daha da artacaqdır.
Azərbaycan rəhbərliyinin uzaqgörən xarici siyasəti dövlətimizin beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsinə şərait yaradır. Xarici təcavüzün nəticələrinə, mürəkkəb beynəlxalq əhatədə olmasına baxmayaraq, ölkəmiz geniş bir bölgənin lider dövlətinə çevrilməyi bacarmışdır.
Şübhəsiz, bütün bunlar dövlət idarəçiliyi mexanizminin bir hissəsi olan dövlət qulluğu təsisatının qarşısında ciddi tələblər irəli sürür. Hesab edirəm ki, dövlət qulluğu ilə bağlı bütün nəzəri və praktik məsələlər yalnız dövlət idarəçiliyi və onun nə dərəcədə təmin edilməsi baxımından yanaşıldıqda öz həqiqi mənasını kəsb edə bilər.
Ölkə rəhbərliyinin gördüyü tədbirlər nəticəsində dövlət qulluğu təsisatı hakimiyyət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsinin səmərəli vasitəsinə çevrilməkdədir. Ölkəmizdə dövlət qulluğunun vahid və bitkin sistemi formalaşır. Dövlət hakimiyyəti orqanlarının həm strukturu, həm də funksiyaları əsaslı surətdə dəyişdirilmişdir. Dövlət aparatının səmərəliliyinin artırılması, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bütövlükdə dövlət qulluğu problemlərinin həlli istiqamətində zəruri tədbirlər müəyyən edilmişdir.
Dövlət orqanlarında qulluq insanların sosial fəaliyyətinin növlərindən biri olmaqla, həm dövlətin özü ilə, həm də onun cəmiyyət həyatında rolu ilə qırılmaz surətdə bağlıdır. Adından da göründüyü kimi, dövlət qulluğu ilk növbədə, dövlətə xidmət etməkdir, yəni onun tapşırdığı müəyyən vəzifə və funksiyaları həyata keçirməkdir. “Dövlət qulluqçusu” ifadəsinin sinonimi olan “məmur” sözünün ilkin mənası müəyyən bir işi, vəzifəni yerinə yetirməyə əmr və ya tapşırıq almış insan deməkdir. Ərəb sözü olan “məmur” bizim dilimizdə çox vaxt mənfi məna daşıyır. Ancaq əslində, bu, dövlətin əmrlərini və tapşırıqlarını almış insanın fəaliyyəti deməkdir. Bu baxımdan biz “məmur” termininə, “məmur” sözünə onun ilkin mənasını qaytarmalıyıq. Əgər Avropa mentalitetini götürsək, bilirsiniz ki, ingilis dilində dövlət qulluqçusu “civil servant” kimi ifadə olunur. Hərfi tərcüməsi “cəmiyyətə xidmət edən qulluqçu” deməkdir. Bu baxımdan, əlbəttə ki, mədəni cəmiyyətdə, mülki cəmiyyətdə dövlətə, cəmiyyətə xidmət edən şəxslər cəmiyyətin çox dəyərli bir hissəsini təşkil edir. Geniş anlamda baxdıqda, dövlət qulluğu nəticə etibarilə xalqa xidmət etmək, xalqın qulluğunda durmaqdır.
Dövlət qulluğunun əsas vəzifəsi, bayaq söylədiyim kimi, dövlət orqanlarının səlahiyyətlərinin icrasının təmin edilməsidir. Vətəndaşların qanuni mənafelərinin həyata keçirilməsinə, hüquq və azadlıqlarının, təhlükəsizliyinin qorunmasına, dövlətin sosial vəzifələrinin yerinə yetirilməsinə, cəmiyyətdə yaranan zidd fikirlərin və baxışların uzlaşdırılmasına yönələn fəaliyyət dövlət qulluğunun ümdə funksiyaları sırasına daxildir. Əlbəttə, böyük vəzifələr böyük hüquqlar doğurur, böyük hüquqlar isə böyük məsuliyyət yaradır. Dövlət hakimiyyəti orqanlarında çalışmaq, dövlət qulluğu vəzifəsi tutmaq çox böyük şərəf olmaqla bərabər, ağır bir cavabdehlik deməkdir.
Məlum olduğu kimi, dövlət qulluğu müxtəlif sosial normalar əsasında nizama salınır. Sosial normalar dedikdə, mən hüququ, mənəviyyatı və adət-ənənələri nəzərdə tuturam. Dövlət qulluqçusunun statusu, hüquq və vəzifələri, məsuliyyəti bir tərəfdən, qanunun müddəaları ilə müəyyən edilirsə, digər tərəfdən, mənəviyyat normalarına, xalqımızın milli simasının, mentalitetinin ayrılmaz tərkib hissəsi olan yüksək əxlaqi keyfiyyətlərə, ədəb-ərkana söykənir. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi, “vəzifə təkcə ondan ibarət deyildir ki, gəlin, 6-7 saat iş yerində oturun, ondan sonra çıxıb gedin, dünyadan xəbərsiz. Bizim hər birimiz gecə də, gündüz də öz vəzifəmiz, məsuliyyətimiz haqqında düşünməliyik. Öz məsuliyyətimizi düşünərək, üzərimizə düşən vəzifələri yerinə yetirməliyik”. Hesab edirəm ki, ulu öndərimizin bu dəyərli kəlamları hər birimiz üçün həyat norması, davranış meyarı olmalıdır.
Azərbaycan rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin səviyyəsində olmaq üçün dövlət qulluqçusu daim öz üzərində çalışmalıdır. Öz üzərində çalışmaq dedikdə, nələri nəzərdə tuturam? İlk növbədə, dövlət qulluqçusu peşəkarlıq səviyyəsini, biliyini, səriştəsini daim artırmalıdır. Latın aforizmində deyildiyi kimi, ustanın ən ağır günahı bacarığının çatışmamasıdır. Biz elə etməliyik ki, hərəmiz öz yerimizdə bizə həvalə edilən hər bir işi mümkün olan ən yüksək səviyyədə yerinə yetirməyi bacaraq. Dövlət qulluqçusunun leksikonunda “bunun öhdəsindən gələ bilmərəm” kimi ifadələrə yer olmamalıdır. Dövlət qulluqçusu öz andına sadiq olmalıdır. O, öz fəaliyyətində qanunçuluğu, qanunun aliliyi prinsiplərini rəhbər tutmalıdır. Qanunvericiliyimizə yaxşı bələd olmalıdır. Konstitusiya hər bir məmurun, sadəcə, stolüstü kitabı deyil, həm də onun bələdçisi, yolgöstərəni olmalıdır.
Məmur dövlət siyasətinin məqsəd və vəzifələrini həm özü yaxşı bilməli, həm də yeri gəldikcə, insanlarımıza izah etməyi, təbliğ etməyi, mübahisə edib mübahisədə qalib gəlməyi bacarmalıdır. Şəxsi nümunəsi ilə dövlət hakimiyyətinin nüfuzunun qorunmasına çalışmalı, bu nüfuza xələl gətirən halları qabaqcadan görüb aradan qaldırmağa nail olmalıdır. Qulluq etikasına riayət etməli, həm iş yerində, həm də işdənkənar yerlərdə, evdə, həyatdə, insanlar arasında hər sözünə, hərəkətinə fikir verməlidir.
Hörmətli həmkarlar! Əminəm ki, biz ulu öndərimiz Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifah halının artması naminə öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi dövlətin məmurları adını daim yüksək tutacaq, hər bir işimiz, əməlimizlə dövlətimizə və xalqımıza vicdanla və namusla qulluq edəcəyik.
Bildiyiniz kimi, dünən cənab İlham Əliyevin sərəncamları ilə bir sıra dövlət qulluqçuları Vətənimizin yüksək mükafatları – orden və medalla təltif edilmiş, onlara fəxri adlar verilmişdir. Əməyimizə verilən bu böyük qiymətə görə möhtərəm Prezidentimizə ürəkdən minnətdarlığımızı bildiririk! Onu əmin edirik ki, dövlətimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da bütün bilik və bacarığımızı sərf edəcəyik.
Hörmətli həmkarlar! Peşə bayramınız mübarək olsun!
Diqqətinizə görə sağ olun!
X X X
Sonra Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri BƏHRAM XƏLİLOV çıxış edərək, dövlət qulluğunun inkişaf perspektivlərindən danışdı. O dedi ki, dövlət qulluğu islahatı dövlət qulluğu sahəsində intitusional inkişafla yanaşı, müəyyən informasiya infrastrukturunun yaradılmasını da nəzərdə tutur. 2004-cü ildə Avropa İttifaqının TASİS layihəsi ilə birgə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında və 12 nazirlikdə rəhbər kadrlar və dövlət qulluqçuları haqqında məlumatları əhatə edən vahid informasiya sisteminin yaradılması üzrə müəyyən iş aparılmışdır. Bu işlər Prezidentin İcra Aparatında və nazirliklərdə texniki avadanlığın qurulmasından, müəyyən proqram təminatının işlənib hazırlanmasından və dövlət qulluqçuları üçün həmin proqramla işləməyə dair təlimlərdən ibarət olmuşdur. Bu sahədə işlərin genişləndirilməsi və sürətləndirilməsi məqsədi ilə və Azərbaycanda dövlət orqanlarının mövcud kadr potensialının beynəlxalq standartlara uyğun idarə olunması, eləcə də ondan səmərəli istifadə edilməsi üçün bu günlərdə Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydası” təsdiq edilmişdir. Bu Reyestr dövlət qulluğunda çalışan kadrların və kadr ehtiyatlarının operativ monitorinqini təmin edəcək, habelə dövlət orqanlarının rəhbərləri və kadr xidmətləri üçün zəruri olan digər məlumatları özündə əks etdirəcəkdir.
Artıq 1200-dən çox dövlət qulluqçusu barədə məlumat bazasının yaradıldığını vurğulayan B.Xəlilov, daha sonra dövlət qulluqçularının reyestrinin aparılması ilə bağlı Fərmandan irəli gələn tədbirlər, korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirmə sisteminin yaradılması və digər məsələlər barədə də ətraflı məlumat verdi.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri MƏLEYKƏ ABBASZADƏ çıxışında ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasının əhəmiyyətini vurğuladı. O dedi ki, Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində, gələcəyi düşünərək, bunun əsasını qoymuşdur. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycanın təhsil sistemində aparılan islahatlardan, ali məktəblərə, eləcə də dövlət qulluğuna qəbulun test üsulu ilə aparılmasının əhəmiyyətindən bəhs edən Komissiyanın sədri bildirdi ki, 2002-ci ildən başlayaraq işə qəbulla bağlı keçirilmiş test imtahanlarında 6491 nəfər, o cümlədən dövlət qulluğuna işə qəbulla bağlı imtahanlarda 3440 nəfər iştirak etmişdir. Hazırda Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə dövlət qulluğuna işə qəbulla bağlı imtahanlara hazırlıq işləri aparılır.
M.Abbaszadə ali məktəblərə olduğu kimi, dövlət qulluğuna işə qəbulla bağlı da aparılmış təhlillər, bu sahədə görüləcək işlər və mövcud problemlər barədə də konfrans iştirakçılarına geniş məlumat verdi.
Dövlət Statistika Komitəsi sədrinin müavini MƏMMƏD HACIYEV dövlət qulluqçularının statistik uçotu və təhlili barədə danışaraq bildirdi ki, 2006-cı il aprelin 1-nə olan vəziyyətə görə ölkədə dövlət qulluğuna aid vəzifələrdə çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artaraq, 25600 nəfər təşkil etmişdir. Respublika üzrə muzdla işləyənlərin ümumi sayında onların xüsusi çəkisi 2 faiz, büdcədən maliyyələşən təşkilatların işçilərinin ümumi sayında isə 4,5 faizdir. Dövlət qulluqçularının 28,2 faizi qadınlardan ibarətdir. Dövlət qulluğunda işləyənlərin 8667 nəfəri və 33,9 faizi Bakı şəhərinin, 15,8 faizi Aran iqtisadi rayonunun, 11,5 faizi Gəncə-Qazax iqtisadi rayonunun, 9,2 faizi Naxçıvan iqtisadi rayonunun payına düşür. Dövlət qulluqçularının 2,9 faizi 1-4-cü təsnifatlar üzrə inzibati vəzifələrdə, 80,6 faizi 5-9-cu təsnifatlar üzrə inzibati vəzifələrdə və 10,5 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyirlər.
Dövlət qulluqçularının 8,3 faizinin 1 ilə qədər, 27,1 faizinin 1 ildən 5 ilə qədər, 23,8 faizinin 5 ildən 10 ilə qədər, 20,1 faizinin 10 ildən 15 ilə qədər, 20,7 faizinin isə 15 və daha çox qulluq stajı vardır. Onların əsas hissəsi - 58,8 faizi 35-54 yaşda olanlardır. Dövlət qulluqçularının ştat cədvəli 94,7 faiz komplektləşdirilmişdir. Dövlət qulluğunda işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artaraq 189 manat təşkil etmişdir.
Komitə sədrinin müavini dövlət qulluqçuları ilə bağlı digər statistik göstəricilər barədə də məlumat verdi.
Dövlət Qulluqçuları Şurasının sədri Ramiz Mehdiyev konfransa yekun vuraraq, dövlət qulluqçularını peşə bayramı münasibətilə bir daha Şura adından təbrik etdi. O dedi ki, biz bu gün yeni bir ənənənin əsasını qoyuruq və bu ənənə davam etdiriləcəkdir. Hər il dövlət qulluqçularının peşə bayramı təntənə ilə qeyd olunacaqdır. Çünki dövlətin yaşamasında dövlət qulluqçularının çox böyük xidmətləri vardır.