MİLLİ MƏCLİS BƏZİ QANUNLARA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR ETMİŞDİR
İclasa başlamazdan əvvəl parlamentin sədri Murtuz Ələsgərov deputatları 28 May - Respublika Günü münasibətilə təbrik etmiş və Milli Məclis adından Azərbaycan Prezidentinə təbrik məktubu göndərilmişdir. Sonra “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanılmışdır. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov demişdir ki, layihədə “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, qanunlara, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi təklif olunur. “Konstitusiya Məhkəməsi haqqında” Qanuna edilən dəyişiklikdə, Konstitusiya Məhkəməsi hakiminə əmək məzuniyyətinə çıxdıqda dövlət büdcəsi hesabına birdəfəlik ödəmə qismində iki aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi, hakimlərin həyat və sağlamlıqlarının dövlət büdcəsi hesabına 5 illik vəzifə maaşı məbləğində sığortalanması, pensiyaya çıxdıqda isə onlara vəzifə maaşlarının 80 faizi miqdarında pensiya ödənilməsi təklif olunur.
Mülki Prosessual və Cinayət Prosessual məcəllələrinə edilən dəyişikliklərdə göstərilir ki, Azərbaycan Respublikası Məhkəmələrinin işə baxarkən Avropa Konvensiyasının müddəalarını pozması Avropa Məhkəməsi tərəfindən aşkar edildikdə həmin məhkəmə aktlarına yenidən baxılacaq. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması səlahiyyəti isə yalnız Ali Məhkəmənin Plenumuna verilir. Digər qanunlara isə əsasən redaktə xarakterli dəyişikliklər edilmişdir.
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının üzvü Nizami Cəfərov isə “Azərbaycan xalçaçılıq sənətinin inkişafı və qorunması haqqında” qanun layihəsi barədə məlumat vermişdir.
Layihə ilə bağlı deputatların, dəvət olunmuş mütəxəssislərin rəy və təklifləri dinlənildikdən sonra sənəd birinci oxunuşda qəbul olunmuşdur.