MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Milli Məclisin sədri Murtuz Ələsgərov görüşü açaraq, layihənin həyata keçirilməsinin vacibliyini vurğulamış və demişdir ki, bu, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına kömək edəcəkdir. Ölkələrimiz arasında münasibətlər strateji xarakter daşıyır. Bu işdə Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin böyük rolu olmuşdur. Azərbaycan və ABŞ beynəlxalq terrorizmlə mübarizədə koalisiyadadırlar. Biz enerji layihələrini birgə həyata keçiririk.
Murtuz Ələsgərov ölkənin ali qanunvericilik orqanının işindən danışaraq bildirmişdir ki, Milli Məclis ildə iki sessiya keçirir, daimi əsasda 10 komissiya fəaliyyət göstərir. Azərbaycan parlamenti bir çox nüfuzlu təşkilatların üzvüdür. Milli Məclisdə digər ölkələrin parlamentləri ilə dostluq və əməkdaşlıq qrupları fəaliyyət göstərir. Bu yaxınlarda ABŞ-ın qanunvericilik orqanı ilə də belə dostluq qrupu yaradılmışdır. ABŞ Konqresinin üzvləri dəfələrlə Milli Məclisdə olmuşlar.
Parlamentin sədri Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, onun ölkəmiz üçün ağır nəticələrindən danışmış, qonaqları Azərbaycanın bu problemi barədə ABŞ ictimaiyyətinə geniş məlumat verməyə çağırmışdır.
Sonra Murtuz Ələsgərov görüş iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.
Harmoni layihəsinin Azərbaycan hissəsinin direktoru Kerri Kosbi səmimi qəbula görə minnətdarlığını bildirərək demişdir ki, bu layihə Azərbaycanda həyata keçirilməyə başlandığı vaxtdan ölkənin bəzi şəhər və rayonlarında 42 internet-sinif təşkil olunmuşdur. Bu ilin fevralında hər ölkədən 2 müəllim və 10 şagird qarşılıqlı mübadilə əsasında ABŞ-da və Azərbaycanda qonaq olmuşlar. Layihə gələcəkdə də davam etdiriləcəkdir.
Axırda görüş iştirakçıları xatirə üçün şəkil çəkdirmiş, qonaqlar Milli Məclisin sessiyalarının keçirildiyi salonla da tanış olmuşlar.